Doxsanlarda marketinq oxumaq…

Doxsanlarda marketinq oxumaq

Bu məsələ niyə gündəmə gəldi?

Sual oluna bilər ki, doxsanlarda marketinq oxumaq nə qədər aktual məsələdir ki, buna bir yazı da həsr edirsən?!

Bir neçə ay öncəyədək mən də elə düşünürdüm. Düşünürdüm ki, bu bizlərin, Azərbaycan universitetlərinə marketinq ixtisası üzrə ilk qəbul olunanların tələbəlik xatirəsindən başqa bir şey deyil. Ancaq bir neçə ay öncə Facebookda bir post gördüm. Famil Alməmmədov öz postunda Azərbaycanda marketinqin tədrisinin 2005-ci ildən başladığını yazmışdı. Təbii ki, mən dərhal reaksiya verdim və öz fikrimi bildirdim. Famil bəy də bildirdi ki, siz deməsəniz biz hardan bilək?!

Doğru sual idi və qərara gəldim ki, bu tarixi də yazmaq lazımdır ki, qalsın…

Doxsanlarda marketinq oxumağın tarixi

1997-ci ildə məktəbi bitirəndə hədəfim Azərbaycan Dövlət İqtisad İnstitutuna (O dövrdə UNEC universitet statusunu almamışdı. Bu, mən 4-cü kursda oxuyanda baş verdi.) daxil olmaq idi. Marketinq ixtisasını da gələcəyə yönəlik təxminlərimə əsasən seçmişdim. Qonşum və sonradan qrup yoldaşım olan Elşən Bayramovla birlikdə… Nə olduğunu tam olaraq dərk etməmişdim. Tək bildiyim o idi ki, marketinq bazarın və markaların yaradılmasına xidmət edən peşədir. Hər nədirsə maraqlı bir şeydir və gələcəyi var 🙂

Beləliklə 1 sentyabr 1997-ci ildə tələbə kimi Azərbaycan Dövlət İqtisad İnstitutuna qədəm qoydum. O vaxt Marketinq ixtisası Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin tərkibində idi. O vaxt institutun rektoru belə yox idi. İdarəçiliyi prorektor İslam Qarayev edirdi.

362 saylı qrupda oxuyurdum. Mühazirə zamanı qrupumuz 978 saylı bir qrupla (ticarətin iqtisadiyyatı ixtisası) birləşirdi. O vaxt marketinq ixtisası 20 nəfərlik bir balaca qrup idi. Bəli, doxsanlarda marketinq oxumaq belə başlamışdı…

Bir müddət sonra bildim ki, 2-ci kurslarda da marketinq var. Yalnız 3-c kursa çatanda bildim ki, bizdən əvvəlki marketinq məzunları universitetə tam başqa ixtisas adıyla girib marketinq adıyla məzun olublar. Özü də maddi-texniki təhizatla bağlı nəsə dəxilsiz bir ixtisas adı idi. Bax bu idi bizdəki təhsil islahatı!

Beləliklə, marketinq adıyla daxil olub marketinq adıyla bitirən ilk qrup bizim 362 və rus bölməsindəki 317-ci (nömrəni dəqiq xatırlamıram) qruplar idi. Yəni, ilk qurbanlar biz idik 🙂

4 il ərzində tələbəyə nəsə öyrətmək istəyən çox yaxşı müəllimlər də gördük, keçdiyi fənn bir zibil olmasa da tələbədən yalnız və yalnız pul qopartmağa çalışan pulgözlər də gördük. Artıq həmin yaxşı və pislərin çoxu UNEC-də işləmir. Bəziləri dünyasını dəyişib. Ancaq xatirələrimizdə yaxşı və pis olaraq qalıblar…

20 nəfərlik qrupumuz çox güclü qrup sayılırdı. 4 nəfər əlaçı, 7-8 nəfər əlaçı olmasa da, özü oxuyub alan, 3-4 nəfər “yaxşı yerdən” tapşırdan və cəmi 3-4 nəfər pul verən vardı. Çox kafedralarda bizim qrupun üstündə müəllimlər arasında “qırğın” düşürdü. Pulgözlərin heç biri bizim qrupa dərs demək istəmirdi.

İstənməyən qrup

Yaxşı yadımdadır, 2000-ci ilin fevralı idi. 3-cü kursda oxuyurduq. İqtisadi Təhlil fənnindən ilk dərsimiz, mühazirə idi. Müəllimimiz isə o vaxt o qədər də tanınmayan 29 yaşlı gənc alim Qubad İbadoğlu idi. Qubad müəllim ilk dərsə girdi, tələbələrlə tanış olduqdan sonra məndən 362-nin əlaçılarını soruşdu (düz qarşısında oturmuşdum). Dedik. Sonra neçə nəfərin özü aldığını, neçə nəfərin də tapşırtdığını soruşdu. Onları da dedik. Başını yelləyib gülümsədi. Tələbələr, xüsusilə də 978-in tələbələri maraqla qulaq asırdı. Niyə bunları soruşduğunu Qubad müəllimdən soruşdum. Bldirdi ki, mən heç vaxt sizin fakültədə dərs deməmişəm. Bu dəfə sizin qrupa görə bu “patok”-u heç kim götürmək istəmədi. Ona görə də mənə qaldınız 🙂

Daha sonra, dərsə keçməzdən əvvəl tələbələrə xəbərdarlıq etdi: Mənimlə nə pul, nə də tapşırmaq söhbəti olmayacaq. Oxuyun və “zaçot”unuzu alın. Mənə verəcəyinz pula isə gedin ingilis dili və ya kompüter kurslarına, özünüzə gələcək qurun. Onu da deyim ki, o vaxtkı zaçot qiymətinə 3 ay belə kursa getmək olardı. Qubad müəllim sözünün üstündə durdu. Tapşıranları da kəsdi. Birinə belə yazmadı. Axırınıcı göndərişə qalanların zaçotunu isə 2-3 ay sonra kafedra müdiri yazdı…

Tələbəlik savaşımız

Biz tələbəlik vaxtı 3 istiqamətdə vuruşurduq:

1-ci istiqamət:

Pulgözlərə pul verməmək üçün. Bu, o dövrün ənənəvi savaşı idi. Oxuyan hər kəs bu savaşı verirdi.

2-ci istiqamət:

Daha faydalı və gələcəyə yönümlü fənnlərin tədrsinə nail olmaq üçün. Bizə tədris olunan fənlərin çoxu yararsız idi. Bakalavr dövründə bizə o kafedrada Aslan Məmmədovun tədris etdiyi “Marketinq”, Telman İmanovun (indiki kafedra müdiri) tədris etdiyi “Logistka” və “Birja fəaliyyəti” fənnlərindən başqa dişə vurulası heç bir fənn tədris olunmadı. Təsəvvür edin ki, ixtisas fənni olan marketinqin tədrisinə yalnız 3-cü kursda başladıq. İxtisasa guya dəxli olan digər fənlərin əksərinin isə bizim gələcəkdə görəcəyimiz işə heç bir dəxli yox idi. Dəfələrlə kafedra müdirinə şikayət etsək də bir faydası olmamışdı. O vaxtkı kafedra müdiri rəhmətlik Şəmsəddin Axundov idi. Çox yaxşı insan olsa da, marketinqə aidiyyatı olmayan adam idi. Kafedrada tədris olunan fənlər də maddi texniki təchizatla bağlı, əsasən bir-birinin təkrarı olan mənasız fənlər idi. Bu savaşımızın nəticəsində magistratura dövründə nisbətən babat fənlər keçdik. O da nisbətən…

3-cü istiqamət:

Ədəbiyyat əldə etmək üçün. Doxsanlarda marketinq oxumaq deyəndə ilk ağlıma gələn də məhz budur. Azərbaycanca yararlı tək bir kitab vardı: Filip Kotlerin 1993-cü ildə tərcümə olunmuş “Marketinqin Əsasları”.

Hər müəllim bizə öz kitabını satmağa çalışırdı. Satanlar da olmuşdu. Onlara yalnız formasına görə kitab demək olardı. İçi sovet dövrünün nəzəri məlumatları və xarici müəlliflərin əsərlərindən parçalardan (ruscadan çevrilərək köçürülmüş) idi. Bir sözlə əksərini 2 qəpiklik dəyəri belə yox idi.

Univesitetn kitabxanasında 1-2 xarici kitab vardı. Onu da əldə etmək zülüm idi. Axundov adına kitabxana da eləcə. İnternet o dövrdə yayğın deyildi və internetdə də elə çox ədəbiyyat yox idi.

Bizim əsas 2 kitab mənbəyimiz vardı. Birinci mənbə həftədə bir neçə dəfə müraciət etdiyimiz, Neft Akademiyasının Nizami küçəsindəki filialında yerləşən və Chevron şirkətinin dəstəyilə açılmış kitabxana idi. Burda ingilis və rus dillərində, bəzən də türkcə kitablar vardı. İkinci mənbə isə ABŞ səfirliyi idi. Bəli, ABŞ-ın Bakıdakı səfirliyi. Hər həftənin 4-cü günü oranın kitabxanasından yararlana bilirdik. Gözləmək, qeydiyyat və mühafizənin prosedurlarından keçmək xeyli vaxt alsa da ordan inanılmaz dərəcədə faydalanırdıq. Təsəvvür edin ki, orda 1994-cü ildə nəşr olunan “Principles of Marketing” (Filip Kotler və Qari Armstronq) kitabı vardı. Bu, bizim üçün möcüzə kimi bir şey idi. Kitabxanada Xerox avadanlığı vardı. İstədiyimz səhifələri seçib surətini çıxarırdıq. Özü də pulsuz… Dəhşət bir fürsət idi. Bu hissi indi hər istədiyini 10 saniyəyə vebdə tapan Z nəsli heç anlamaz…

Bəli, doxsanlarda marketinq oxumaq belə hissləri bizə yadigar buraxıb. Bunlar qələmdən istifadə etməklə lenti dolaşan maqnitofon kasetinin dolaşığını açmaq, diafilmə baxmaq, qramafonda musiqi dinləmək kimi hisslərə bərabər hisslərdir mənim üçün…

 

Share Button
551 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir