Folklor və biznes – iş həyatımızda dədə-babalarımızın rolu

Movzu-Folklor-ve-biznes

Deyəcəksiz ki, folklor və biznes nə deməkdir ki? Folklor hara, biznes hara?

Amma bir az fikirləşən kimi görəcəyik ki, əlaqəsi var. Həm də, birbaşa əlaqəsi var.

Bizim biznes anlayışımıza ilk nöbədə folklorumuz təsir göstərib. Ona görə də folklor və biznes yanaşması hər zaman aktualdır. Fikirlərimizi nümunələr üzərində izah etsək, Allaha da xoş gələr, bəndəyə də…

 

Nağd olsun, soğan olsun!

Bu atalar sözü bizim folklorumuzun bəlkə də ən məşhur kəlamıdır və birbaşa da ticarətlə bağlıdır. Bu, elə bizim vizit kartımızdır. Millətimizin çox yaxşı ticarət milləti olduğunu 1-2 saniyə içində hər kəsə sübut edəcək gücdədir bu atalar sözü…

Bunu özünə iş prinsipi seçən çox tüccar (biznesmen yox ha, elə tüccar) demək olar ki, hər zaman irəli düşüb. Urusetdə zadda yaxşı gəlirli obyektlər açıb, yaxşıca pul vurub.

Onların bir qismi elə tüccar olaraq qalıb. Bir qismi isə ələ bir az pul yığdıqdan sonra girişiblər iri biznesə. Ancaq çoxları yenə də eyni prinsip üzərində bütün işini idarə etməklə ən yaxşı halda yerlərində sayıblar, ya da, elə ilk böhrandaca (nağd soğan nisyəyə çevriləndə) gediblər oppalara. Bax buna deyirlər folklor və biznes əlaqəsinin yaxşı və pis üzü…

Bu prinsip qısamüddətli gəlirləri düşünüb uzunmüddətli gəlirlərdən bizi məhrum edən prinsipdir. Eləcə də, bu cür yanaşma investisiya imkanlarını məhdudlaşdırır. Axı investisiya soğan kimi nağd olmur. Bu prinsipin bünövrəsində “Bəlkə, sabah heç olmadı…” kimi bir pessimist düşüncə dayanır.

 

Nisyə girməz kisəyə!

Folklor və biznes barədə danışarkən bu atalar sözü ilk yada düşənlrdəndir.

Bu da bir növ “Nağd olsun, soğan olsun!” prinsipinin davamıdır. Lakin burda konkret olaraq kreditə YOX deyilir. Yalnız nağd!

Digər tərəfdən belə yanaşma uzunmüddətli tərəfdaşlığın da qarşısını alır. Əgər “al gülüm, ver gülüm” prinsipi ilə hər aldığının pulunu anındaca verirsənsə, onda nə məcburdur ki, həmişə eyni adamdan alasan? Burdakı folklor və biznes əlaqəsi şəxsi müstəvidə qarşılıqlı inamsızlığın iş həyatında da öz əksini tapmasıdır.

Nisyə o qədər də yaxşı şey deyil. Hələ bu uzunmüddətlidirsə, heç yaxşı şey deyil. Amma nisyənin bir yaxşı tərəfi var. Nisyə alan tərəf hər zaman nisyə verəndən asılı olur, onun şərti dominantlığını qəbul edir. Əgər bu münasibətlər bir nisyənin bağlanması, başqa nisyənin açılması ilə davam etdirilirsə, deməli, nisyə verən artıq daimi müştəri tapıb. Yox, əgər bir nisyə elə ilk gündəki kimi qalırsa, hələ üstəlik artmaqdadırsa, onda bu nisyənin kisəyə elə girməməsi yaxşıdır. Bildiyiniz ümidsiz kreditlər yəni…

 

Qaz gələn yerdən toyuq əsirgəməzlər!

Ən dahiyanə atalar sözlərimizdəndir və birbaşa investisiya fəaliyyəti ilə bağlıdır. Məsələn, götürək elə biz azərbaycanlıların bildiyi cəmi 2 investisiya formasından biri olan ticarəti (o biri də tikintidir). Pul qoyub supermarket açırsan, sonra da pulunu çox tez bir zamanda çıxarırsan. Təbii ki, işi də yaxşı qursan…

Folklor və biznes

 

Amma bu məsəlin tətbiqində bir əmma var ki, bizim insanlarımız toyuğu bu yaz verib qazı da elə bu payıza istəyirlər. Ona görə də, yedikləri qaz əslində qaz yox, uzaqbaşı arıq bir ördək olur. Onların xəyal etdikləri kök qaz üçün isə bir payız daha gözləmək lazım idi. Başqa sözlə desək investisiya uzunmüddət ərzində qaytarılan və uzunmüddətli mənfəəti təmin edən bir prosesdir.

Daha açıq desək, ticarət və tikinti kimi tez pul gətirən sahələrə yox, istehsalata investisiya qoyanlar böhran dövründə də başqalarına nisbətən gəlirliliyi saxlaya bilirlər. Üstəlik, bir dəfə qurulmuş istehsalat onillər ərzində gəlir gətirə bilir.

(ardı var…)

Share Button
1735 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *