Marketinq və Masazır duzu…

22-ci yazi - Marketinq ve Masazir duzu---cover

Marketinq və Masazır duzu arasındakı əlaqəni bilməyənlər üçün…

Bu əlaqə lap təzəlikcə yarandı. Həm də, Azərbaycan marketinqinin hər il baş tutan və getdikcə yüksələn ən möhtəşəm tədbirində, Milli Marketinq Forumunda.

Bəli! Zarafat-zarafat artıq 4-cü Milli Marketinq Forumunu da başa vurduq.

İlk əlamətdar hadisə bu il forum günlərindən birinin 28 maya salınması idi. 3 il bu risk alınmamışdı. Axı bayram günləri hamı istirahət edir. Lakin bu il forum 27-28 may tarixlərində baş tutdu. Məhz bu göstərici tədbirin artıq möhkəmləndiyinə dəlalət edir. Bayram günü idi, amma zal dolu idi.

İkinci əlamətdar hadisə əvvəlki illərdən fərqli olaraq texniki problemlərin hiss olunmayacaq dərəcədə az olması idi.

Pis olan isə internetin çox zəif, yox, hətta bərbad olması idi. Məncə Cinema Plus bu barədə ciddi düşünməli, 400 nəfəri təmin edəcək gücdə interneti təmin etməlidir.

Ümumiyyətlə, şəxsən mən forumun əbədi olaraq Cinema Plus-a təhkim olunmasına tərəfdar deyiləm. Fevraldakı təklifimdə dururam. Gələn il forum teatrda keçirilsin. İnterneti də o özündən deyn mobil operatorlarımız var eee, zəhmət çəkib onlar təmin eləsin. Bunu da edə bilmirlərsə, bizə 3G, 4G nə bilim 4,5G-dən danışmasınlar. Gedib yıxılıb ölsünlər… Ancaq təmin edə bilsələr, düşünün ki, onlar üçün necə əvəzsiz reklamdır…

Daha yaxşı bir cəhət forumda kitab stendindəki kitab sayının artıq 5 olması idi. Hamısıı da yerli müəlliflər. Gün gələcək mənim də kitabım orda olacaq. Amma o neçənci ildə olacaq, Allah bilir! Mən oturub yazmaqda bir az tənbələm axı 🙂

Marketinq və Masazır duzu əlaqəsini xırdalamaq yoluna qədəm qoyaq. Yəni, spikerlərin performansına. Bu il nə təşklatçı, nə də spiker olmadığımdan bir növ komfort zonasındaydım və tənqidi rahatlıqla edə bilirəm 🙂

Panellər üzrə gedəcəyəm. Maksimum dərəcədə obyektiv olacağam.

 

I Panel: Böhran dövründə marketinq strategiyası

Anar Bayramovun moderatorluğunu etdiyi bu paneldə onun marketinq direktoru olduğu Dəmirbank-ın reklamı demək oar ki, olmadı. Amma qoy mən bir reklam edim. Oktyabrda baş tutmuş Digital Marketinq Forumunda mənə hədiyyə olunan Dəmirbank power bankı sayəsində bu gün telefonum daim dolu qaldı və mən də Twitterdə “yatdım”, mənalı-mənasız bütün tvitlərimi atdım 🙂

Fəxri Ağayev həmişəki kimi yüksək motivasiya ilə öz çıxışını etdi. Ləzzət elədi. Amma dövlətin etməli olduğu islahatlardan başqa heç nə yadımda qalmadı. 2013-cü ildə də Sinan Erginin çıxışından 1-2 cümlə yadda qalmışdı. Bu sirr nəmənədirsə bütün motivatorların sirridir. Gərək Fəxri bəylə üz-üzə oturub onu təkrar dinləyim 🙂

Firdovsi Xəliliov da çox yaxşı çıxış etdi. Forumun konseptinə uyğun. Böhranın dibinə qədər enməyi bacardı. Dedi ki, böhranda imic reklamı əsasdır.

Anar Fətəliyev də qəşəng çıxış elədi. O, sırf öz keylərindən danışdı. Yadımda qalan məqam o oldu ki, Firdovsi bəyin əksinə olaraq böhran zamanı imic reklamı əvəzində qısa müddətdə gəlir gətirən kampaniya tipli reklamlara üstünlük verilməlidir. Məncə hər ikiniz də haqlısınız. Deməli, həm də, haqsızsınız 😉

Cəbrayıl Vəliyev çox faydalı çıxış elədi. Böhran zamanı görüləcək konkret işlərdən danışdı. Amma təəssüf ki, nəzəriyyə yükü çox idi deyə insanlar bir az darıxdılar.

Ümumilkdə bu panel ilk günün ən yaxşısı oldu.

 

II Panel: Marketinq Kommunikasiyaları

Bu paneldə forumun ilk fors-majorunu yaşadıq. Moderator Sabit Məmmədov onun performansını gözləyənlərə rəğmən təəssüf ki, foruma gələ bilmədi. Alınmayanda alınmır da. Neyləmək olar?!

Əvəzində Rafiq Hunaltay məsuliyyəti öz üzərinə götürdü. Yaxşı ki, varsan, Rafiq!

Həmkarımız Elnur Nurəliyev sərbəst və maraqlı çıxış elədi. Açığı mən sırf sektorun içində olduğumdan mənim üçün təzə və maraqlı nəsə olmadı. Amma faydalananlar çox idi.

Tural Abbaslı panelin, bəlkə də forumun tapıntılarından idi. Mən ondan daha quru performans gözləyirdim. O, isə foruma yaxşı kalorit qatdı. Fikirləri el adətincə izah edib tədbiri elçiliyə çevirdi. Ona bir az da vaxt versəydilər yəqin ki, sabah kiməsə toy edirdik. 🙂

Vüqar Məhərrəmov çox şey bilsə də, az şey dedi. Onu forumda çöl reklamlarına verilməyən icazə məsələsi və Firdovsi Xəlilovun əlində qalan dinozavrı etiraf etməsi ilə xatırlayacaqlar. Bu il forumda nahar təşkil olunmadığından Frdovsi bəyin dinozavrını yemək istədik. Məsələni bilən kimi bəy hər vəchlə dinozavrı unutdurmağa çalışdı…

Dilarə Bəylərovanın çıxışında Nar reklamları izlədik. Ancaq bu xanım da sual-cavab bölməsi ilə yadda qaldı. Ən yaddaqalan məqam isə Avto FM-in “ən birnci reklamı siz kəsdiniz” ittihamına verdiyi “sizin reytinqiniz yoxdur” kimi orijinal cavab idi. 🙂

 

III Panel: Bloqçuluq və rəy liderliyi

Rafiq Hunaltayın moderatorluğunu etdiyi bu panel xanım spikerlərin sayəsində pis alınmadı.

Davud Məmmədovun yazdıqlarının danışdıqlarından daha güclü olduğuna əmin oldum.

Ramin Musayev öz həyat və fəaliyyəti baxımından maraqlı persona olsa da, performansı maraqlı olmadı.

Turanə Hüseynli gözlədiyimdən yaxşı performans göstərdi. Çox pozitiv görkəmə malik olan bu xanımın çıxışından da məlum oldu ki, o, həm də, Youtubçuluq cərəyanının şeyxidir 🙂

“Daydaylı blogger” ifadəsini də ondan eşitdik. Sən demə xalqımız belə şeylər də düşünə bilirmiş…

Mehriban Həsənova olmasaydı bu panel ən pis panel olardı. Sərbəstliyi və səmimiliyi ilə zalı canlandıra bilən Mehriban xanımın yaratdığı paştet terminini çox bəyəndim. Mehriban xanım tez-tez öz köklüyünə sataşırdı. Bir xanımın bu cəsarətin sahibi olması böyük ürək istər…

 

IV Panel: Milli Keyslər

Forumun ikinci gününün ilk paneli olan bu panel çox maraqlı idi. Moderator İlkin Manfov da özünü və biznesini bolluca reklam etdi. Mən yenə də fikrimdə qalıram ki, bu adama mikrofon vermək lazım deyil! Sonra geri ala bilmirsən! Elə bil əlinə yapışıb qalır…

Marketinq və Masazır duzu əlaqəsi də məhz bu paneldə ortaya çıxdı.

İlk çıxış edən ev sahibi CinemaPlus-un rəhbəri Zaur Darabzadə yaxşı danışdı. Məsələ dünyanın ən yaxşı, ən “ağıllı” popkorununa gələndə məsələ dəyişdi. Onun Texas qarğıdalısı və kokos yağını xaricdən idxal etməsi normal qarşılandı. Hətta onun kimsə bu qarğıdalı növünü yetişdirmək istəyirsə, ildə azı 30 ton qarğıdalı alacağını vəd etməsini də içi mən qarışıq hamı alqışladı. Çox səmimi olub hər həqiqəti danışan Zaur bəy bir fikrimcə yanlış etdi. Duzun Krasnodardan gətirildiyini deməklə. Deməsə yaxşı idi. Zal bunu etirazla qarşıladı. Hamı Naxçıvan duzu və Masazır duzu alternativlərinin olduğunu bildirdi. Amma Zaur bəyin AzərSun-un ona lazım olan duzu verə bilməməsi kimi açıqlaması da heç kimi qane etmədi. Zaur bəy, unutmayın! İnsanlarımız nə qədər rus dilini bilsə də, nə qədər rus dostlarımız, rus gəlinlərimiz olsa da,  Rusiyanı, rus dövlətini xalqımız sevmir. Mütləq çoxluq sevmir. Və nə qədər ki, Qarabağdan şəhid gəlir sevməyəcək də! Bu məqamı həmişə diqqətdə saxlayaq. Bizim ölkədə antirusiya meylləri bundan sonra daha da güclü olacaq. Həm də, axı Rusiya bizdən mütərəqqi çox şeyə sahib deyil axı. Siz duzu məsələn, Polşadan alsaydınız kimsə nəsə deməzdi.

Keçmiş diplomat İsmayıl Ələkbərov isə çox situativ davranaraq öz şirkətinin yerli kadrlara arxalanmasını vurğuladı. Neuron Technologies-in sözün məcazi mənasında “Masazır duzu” istifadə etməsini deməklə Zaur Darabzadənin “keçmiş diplomat olmur fikrini” təsdiqlədi. Onun Zaur bəyə diplomatik zərbələri bütün çıxışı boyu davam etdi. İsmayıl bəy, “Masazır duzu”nu hətta Tanzaniyaya belə ixrac etməsini qeyd etdi. Həqiqətən də, Azərbaycanın IT şirkəti Tanzaniyadan belə sifariş tutursa, Macarıstanda ciddi tenderlərə qatılırsa, bu, artıq uğurdur.

Turizm.az şirkətinin rəhbəri Murad Kərəmov forumun konseptinə ən uyğun şəkildə çıxış edən spiker oldu. Çox gözəl danışdı. Ölkəmizdə tamamilə xoşbəxt bir dağ kəndinin olduğunu bildik. Ona twitterdə loqolarının Virgin şirkətinin loqosuna qəsdənmi bənzədildiyi, yoxsa, bu bənzərliyin bir təsdüfmü olduğu barədə sual verdim. Cavabı isə çox səmimi oldu: Bu, bir Richard Branson vurğunluğudur. Nə deyim. Təmiz söz. Hər halda gördüyü işlərlə elə Branson yolunu getməyə çalışır. Yolu açıq olsun!

Müşfiq Hüseynov da elmi yüklü bir çıxış elədi. Amma sondakı video hər kəsə ləzzət elədi. Düzdü mən o videonu görmüşdüm. Bu ən təbi şeydir. Reklamçıyam axı 🙂 Ancaq yenə də maraqla baxdım. İnsanlar ondan Gilan keysləri barədə eşitmək istədilər. Məncə Müşfiq bəy gələn il bu barədə çox şey danışa biləcək.

Made in Azerbaijan brendi barədə danışan qardaş (deyəsən Crazy Innovations idi şirkətin adı) deyəsən son anda siyahıya salınmışdı. Çünki Xumar xanım yox idi. Anladığım qədəriylə onun yerinə salınmşdı. Hər halda bu da ikinci fors-major idi yəqin. Qardaş çox yaxşı şeylərdən danışdı. Amma təklif etdiyi loqoları bəyənmədim. Təşəbbüsü bəyəndim. Ordakı nar elementinin müzakirəsi zamanı Ramin Musayevin narın ərəbcədən mənasını deməsi məni Nar mobil operatoru barədə dərin düşüncələrə sövq elədi…

Bu panel İlkin Manafovun çox danışmasına rəğmən (bəlkə də, məhz elə ona görə) forumun ən yaxşı paneli idi 🙂

 

V Panel: Rəqəmsal Marketinq

Aysel Cəbrayılovanın moderatorluğunu etdiyi bu panel bir az sönük başladı. Canlanma daha sonra oldu.

Çingiz Səfərovun təqdimatı normal keçdi. Maraqlı şəkillər bol idi. Ancaq orda təqdim olunan mobil applikasiya (səhv etmirəmsə) məncə Milli Keyslər panelinə daha yaxın bir mövzu idi. Və ən vacibi spiker çıxışını vaxtında bitirdi.

Anar Hüseynov darıxdırıcı başladı. Sonra xəbər yaratma məsələsi ilə maraq qazandı. Suallara verdiyi səlis cavablar təqdirəlayiq idi.

Pərviz Əzimov çox aydın və yaxşı danışdı. Faydalananlar çox oldu.

Elvin Hacının A/B testləri çox maraqlı idi. Bildiym bir mövzu idi. Amma burda bildiklərimi sistemləşdirə bildim. Təşəkkürlər!

 

VI Panel: Şəxsi Brendinq

Nigar Məmmədovanın moderatoru olduğu, forumun “ulduzlar paneli” adlandıra biləcəyimiz bu panel hamı tərəfindən intizarla gözlənilirdi.

Lakin İlkin Həsəninin olmaması forumun sonuncu fors-majoru oldu.

Spikerlərdən Doktor Ziya gözləntimin üstündə performans göstərdi. Marketinq aspektinə ən yaxın danışan o, oldu.

Nərgiz Cəlilova 30 ili aşan karyerası haqqında bilmədiklərimizi bizə anlatdı. Və biz onun Space televiziyasını tərk etməsinə dair bəzi həqiqətləri bildik. Nərgiz xanımın televiziyada xalqa xidmət üçün az maaş aldığını və əsas gəlirini toylardan formalaşdırdığını da burda ilk dəfə eşitdik. Moderatorun mənim atdığım tviti oxuması və Nərgiz xanımın onu tam yanlış başa düşməsi isə onun qanını qaraltdı. Tvit belə idi: Deməli uğurun sirri toylardadır?

Nərgiz xanım elə fikriləşdi ki, onun toya getməsinə ironiya edilir. Halbuki dərindən fikirləşilsə, əslində, son 20 ildə bu xanım cüzi maaşla fəaliyyətini davam etdirə bilirsə və yaşamını da toylar hesabına edirsə, deməli, işin gizli qəhrəmanı toylardır. Əks halda Nərgiz xanım yəqin ki, sənətini tullamalıydı. Əgər toy əsas sənətin yaşamasına xidmət edirsə, burda nə problem var ki? Bunu orda demədm ki, yazmam lazımdır. Çox danışılma ehtimalı olan bir məsələ olduğundan yazılı açıqlama qoyuram ki, bir daha bu mövzuya qayıtmayım. Kim necə istəyir fikirləşsin, mən fikrimdə qalıram. Məsələ, bir əşya və ya hadisədən necə istifadə etməkdədir. Spirtdən dərman da hazırlamaq olar, araq da…

Murad Dadaşov Nərgiz xanımın asta tempi ilə susqunlaşan paneli əməlli-başlı canlandırdı. Yarızarafat, yarıciddi! Amma arqumentləri tutarlı idi. Tərbiyə məsələlərində adam çox haqlıdır.

 

Ümumilkdə forum spikerlərin hazırlığı baxımından çox yüksək səviyyədə idi.

Ancaq auditoriyann verdiyi suallar çox nöqsanlı idi:

  • Sual verənlər yarım saat danışırdılar. Sual konkret olur. 2-3 cümlə.
  • Dövlətin görməli olduğu işlərdən suallar verirdilər. Axı orda Asan Xidmət xaric dövlət qurumu yox idi. Asan Xidmət isə demək olar ki, irad tutulacaq bir dövlət qurumu deyl.
  • Siyasi suallar verirdlər. Bunun marketinqə nə dəxli var. Marketinqin siyasi mühiti deyilən bir şey var əlbəttə. Ancaq ordakı sualların dəxli yoxdur. O suallrı siyasətçilərə verin, marketoloqlara və şou-biznes əhlinə yox
  • Təkrar suallar olurdu. Əvvəlki illərlə müqayisədə az olsa da…
  • Anlaşılmaz suallar olurdu və s.

Bir məsələni də deyim. Forumun hashtagı 4 ildir ki, #mmf2013, #mmf2014, #mmf2015, #mmf2016 olub. Məncə bunu dəyişək. Elə hashtag seçək ki, heç yerdə olmasın. Məsələn, mən forumun instagram #mmf2016 hashtag-nə girdim. Bu şəkillər çıxdı. Bu qızların heç birini forumda görmədim.

Marketinq və Masazır duzu

Bəlkə, kimsə görüb? 😉

Share Button
2313 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *