Reklam agentliyində işlər və işçilər

21-ci-yazi-Reklam-agentliyinde-ishler-ve-ishchiler_cover

“Reklam agentliyində işlər və işçilər” adını verdiyim bu yazını yazmağımın səbəbkarı Marketinq Azərbaycan qrupunun “əhalisi” tərəfindən Marketer Məhərrəm kimi tanınan dostumuz Rafiq Hunaltay oldu.

Onun bir az əvvəl (Bir az deyəndə ki, müsəlmanın bir azı. Söhbət martın 29-dan gedir 🙂 ) yazdığı yazı mənim də bu mövzuya müdaxilə etməyimi şərtləndirdi.

4 səbəb üzündən bu yazını yazmalıydım:

  1. Ona görə ki, qurucu ortağı olduğum YelloAd ictimai fəallığı ilə hər zaman seçilən bir reklam agentliyi olduğundan reklam agentliyinə dəxli olan hər bir məsələnin hansısa formada bizə dəxli var. Olmasa belə, çoxları bizdən soruşduğuna görə cavab vermək məsuliyyətimiz var;
  2. Öz agentliymizi qurmazdan öncə uzun müddət ölkə reklam bazarının ən qıt mütəxəssislərindən biri olan reklamyazan (kopirayter) peşəsində çalışdığımdan və bazarda pis-yaxşı sözünü demiş biri olduğumdan həm də bir işçi kimi bu məsələ barədə fikir söyləmək haqqımın olduğunu düşündüm;
  3. Eyni zamanda mən həm də, işəgötürənəm. Deməli, bu nöqteyi-nəzərdən də nəsə deyə bilərəm.
  4. Mən həm də pedaqoqam. İqtisad Universitetində marketinqin tədrisindən savayı öz agentliyimizdə təcrübəçilərimizin yetişməsinə bilavasitə nəzarət edirəm. Öz reklamçılıq təməlini bizim agentlikdə qoymuş xeyli gənc bugün müxtəlif reklam agentliklərində və digər şirkətlərdə çalışırlar.

Mən bu yazıyla Rafiq bəyin dediklərinə bir az başqa prizmadan baxmaqla tam panoramanı xalq üçün açmaq istərdim. İşçilərin agentlikdə uzun müddət işləməməsinin səbəbləri aşağı-yuxarı dostumuzun qeyd etdiyi kimidir.

Lakin bəzi əlavələri də etməklə bu səbəbləri daha da genişləndirmək istəyirəm:

  1. Karyera artımı imkanlarının zəif olması. İlk baxışdan bu belə görünür. Lakin əslində belə deyil. Əgər işçi agentliyə dizayner və ya reklamyazan kimi qəbul olunub 1 il sonra Kreativ Direktor olmaq istəyirsə, deməli, o, hələ agentliyin nə olduğunu tam anlamır. Buna nail olmaq üçün gərək həm yaxşı istedadın olsun, həm də, bəxtin elə gətirsin ki, tam bir rəqabətsizlik mühitinə düşüb buna nail olasan. O da ki, milyonda bir olur. Lakin bu halda belə, sənin Kreativ Direktorluğun vəzifəndə olacaq. Özün isə hələ uzun illər Kreativ Direktor ola bilməyəcəksən.

Karyera səbr işidir. Mən Azərbaycanda adamlar tanıyıram ki, agentlikdə adi bir mütəxəssis kimi işə başlayıb 10 il sonra şirkətin ortağına, rəhbərinə çevriliblər. Onları ayaqüstə alqışlayıram! Bu səbr hansı oğulda varsa, o da irəli gedəcək. Həm də, gərək işlədiyin agentliyi sevəsən. Ağır günlərində də onu qoyub qaçmayasan. Bu fədakarlığı edə bilənlər əvvəl-axır öz qiymətini alır. Almalıdır da!

  1. Maaşın az olması məsələsi isə o qədər də həqiqət deyil. Azərbaycanın babat reklam agentliklərində həmişə yaxşı maaş olub. Keçən ilə qədər. Yox əgər biri agentliyə stajyor kimi gəlib 3-4 aydan sonra 400-500 manat maaş istəyirsə, təbii ki, bunu ona verən olmayacaq. Bir vaxtlar var idi ki, pulun hardan gəldiyini biməyən, yaxşı sponsor hesabına açılan “agentliklər” başqa agentliklərdən “hunting” hesabına qabaqlarına kim çıxdı dördrəqəmli maaşlar verirdilər. Ancaq indi nə o maaşlar var, nə də o agentliklər. Normal agentlik pulu zəhmətlə qazanır və hər bir əməkdaş da öz şirkətinə maaşının 2-3 mislini qazandırmalıdır ki, bunu haqq edə bilsin. Bu, biznesin qaydasıdır. Agentliyin peşəkar və loyal əməkdaşları isə həmişə ən yaxşısına layiqdirlər. Hətta şirkətiin payçısı olmağa belə…
  2. Rəhbərin eqosu. Bu, nəinki agentliklərimizdə, müdir kreslosunun olduğu əksər şirkətlərimizdə var. Kreslo kopoyoğlu şeydir. Lakin şirkət rəhbəri işçilərlə birlikdə dizini yerə qoyub işləyirsə, komanda daxilində səmimiyyət güclü olur. Hər kəs sözünü çəkinmədən gəlib rəhbərə deyə bilir. Nəinki iş yoldaşları ilə müzakirə edir.
  3. Agentliyin imici və mövqelənməsi məsələsində Rafiq müəllim tamamilə haqlıdır. Həqiqətən də, reklam agentliyi öz mövqelənməsini etməlidir. Məsələn, YelloAd kreativ kommunikasiyalar agentliyidir. Biz kataloqlar da hazırlayırıq, 2D və 3D animasiyalar da edirik, radiospot da hazırlayırıq, film də çəkirik, BTL aktivlikləri də edirik, digital xidmətlər də göstəririk. Lakin bizim nə çap avadanlığımız, videokameramız, nə də promouter qızlarımız var. Bu işləri bizim sınanmış tərəfdaşlarımız olan şirkətlər edir. Biz isə işin əsas məğzini, ən çətin hissəsini görürük. Şirkətlər və brendlər üçün kreativ kommunkasiyalar təklif edir və qurduğumuz kommunikasiyaların tam tsikl olaraq icrasına nəzarət edirik. Bunun müqabilində isə bəlli bir agentlik komisyonu alırıq. Bunu biz icad etməmişik. Dünyanın ən öndə gedən agentlikləri də belə işləyir. Biz də həmişə öndə gedən olmaq uğrunda çalışdığımızdan dediklərimiz və etdiklərimiz çoxlarına qəribə gələ bilər. Lakin buna görə bizi tənqid edən müştərilər, daha sonra təqdir ediblər. Özü də bu, dəfələrlə olub…
  4. Daha “sanballı” işdə çalışmaq istəyi ilə bağlı deyilənlərə onu əlavə edə bilərəm ki, agentlikdən müştəri tərəfə keçid bir qayda olaraq müştəri ilə kontaktda olan mütəxəssislər tərəfindən olunur. Peşman olub geri qayıdanlar da az deyil.

Bəs nələr agentliyin imicini yüksəldir?

Marketer Məhərrəmin sadaladıqları da daxil bir neçə istiqamət barədə danışa bilərik:

  • Yalnız müştərilər üçün deyil, cəmiyyət üçün də işləmək. Buna daha çox sosial yönümlü, maddi qazanc gətirməyən layihələrin ortaya çıxarılması aid oluna bilər. Layihənin böyük olması şərt deyil. Bu, adicə facebook postu belə ola bilər. Yetər ki, tərbiyəvi əhəmiyyəti olsun, insanlar bəyənsin, paylaşsın. Biz vaxtaşırı belə işlər görürük. Müntəzəm olması çətin olsa da, vaxtaşırı edirik.
  • Maddi maraq güdmədən sektor üçün işləmək. İlk Milli Marketinq Forumu olan MMF2013 üçün gördüyü işlərlə Yello Azərbaycan marketinqinin, ilk kopiraytinq tədbiri olan CommunAction14 layihəsi ilə isə Azərbaycan reklamının tarixinə düşdü. MMF2015, Marketinq Azərbaycan qrupunun çoxsaylı tədbirləri ilə bu siyahını uzatmaq olar. Burda heç bir maddi maraq güdülmədi. Əvəzində tədbirlər gözəl kreativ konseptlə baş tutdu, YelloAd isə daimi dəstəkçi kimi layiq olduğu pozitiv imici qazandı. Əlbəttə ki, bunu davam etdirəcəyik. Yaxın aylarda tam fərqli bir layihə ilə sektora öz töhfəmizi verəcəyik. Çünki belə işləri dayandırmaq olmaz. Davamlılıq şərtdir…

  • Yazıda bizim şirkətin bloq aparan tək agentlik olduğumuz vurğulanır. Dəqiq bilmirəm, amma bu, deyəsən, həqiqətən də belədir. Məqsədimiz kreativə dair azərbaycandilli kontentin bol olmasını təmin etməkdir. Bloqumuzu istədiyimiz səviyyədə apara biməsək də, heç olmamasından min dəfə yaxşıdır. Qoy insanlar işi bilənlərdən öyrənsinlər.
  • Cəmiyyəti əyləndirən işlər hər zaman viral olur. Şirkətimizin rayikonları bu baxımdan həqiqətən də analoqsuz bir layihə idi. Bu layihə sayəsində dilimizə yeni bir söz, rayonların ikonlaşdırılmasını bildirən RAYİKON sözü gəldi. Rayikonların ilk buraxılışı üçün gözləntimiz 30 000 baxış idi. Nəticə isə 1 500 000 baxış oldu. 2 televiziya kanalı, 90-a yaxın sayt, 200-ə yaxın facebook səhifəsi bu layihə barədə məlumat verdi. Bununla da 2015-ci ilin ən irihəcmli viralı reallaşdı. Hazırda Art Direktorumuzun rəhbərliyi altında daha bir maraqlı layihəmiz hazırlanır. Yaxın vaxtlarda onu da təqdim edəcəyik.

  • İşçi yetişdirmək. Bunu hər agentlik etmir və ya edə bilmir. Biz isə 5 ildir ki, edirik. Edəcəyik də! Etməsək sektorumuzda yaradıcı potensial heç vaxt artmayacaq və biz də heç vaxt türklər kimi reklam çəkə bilməyəcəyik. Biz bu tarixi məsuliyyətin fərqindəyik.

Son olaraq bir atalar sözünü xatırlatmaq istərdim: Görünən dağa nə bələdçi?!

Bax biz həmin o görünən dağ olmaq yolundayıq. Ölkəmizin reklam sektorunu da, marketinq icmasını da, iqtisadiyyatını da, və nəhayət özümüzü də görünən dağ etmək üçün əlimizdən nə gəlirsə etmişik, edirik və edəcəyik də…

Bunu bilənlər bilir, bilməyənlər də bu yazını oxuyandan sonra biləcək! Çalışaq faydalı olaq!

 

 

Share Button
1934 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *