Sətirlərin arasında qalan adamlar…

sətirlərin arasında qalan adamlar

Bəli, sətirlərin arasında qalan adamlar! Bir az qəribə səslənir, hə?!

Yəqin çox eşitmiş olarsınız: filankəs sətirlərin arasında yazılanları çox yaxşı oxuya bilir… Bu fikir insanın bir yazıda gizlədilmiş əsas fikirləri anlamağı və təhlil etməyi bacardığının göstəricisidir. Yazı istənilən cür yazı ola bilər. Fərqi yoxdur bədii, fəlsəfi və ya publisistik yazı olsun. Əsas odur ki, yazı olsun və orda gizlədilmiş bir fikir olsun!

Bir ara bizdə bu bacarıq o qədər populyarlaşdı və bərkgedən bir ədəbi bacarığa çevrildi ki, hər kəs əlinə böyüdücü şüşə alıb başladı sətirlərin arasını axtarmağa. Çoxları bu işə o qədər aludə oldular ki, sətirlərin arasından heç cür çıxa bilmədilər. Bir növ orda qeyb oldular…

Sətirlərin arasında qalıb reallıq hissin itrən insanlar hələ də elə bilirlər ki, sətirarasını oxumaq fövqəladə bir şeydir və çox lazımlıdır. Amma unutdular ki, daha sətirarasına heç kim heç nə yazmır. O, əvvəllər idi! Sovetin vaxtında və bir az da sonrakı illərdə…

İndi daha buna gərək qalmır. Əvvəllər sətirlərin arasını bağlayan bəyaz örtüyün arxasından bu gün heç nə tapılmayacaq. Çünki həmin örtük daha yoxdur. Çoxdan cırılıb və orda qalan insanlar kənardan çox aydın görünür.

Bəli, indi insanlar fikirlərini birbaşa elə sətirlərin özünə yazır. Bəli, ən cəsur fikirlərini belə… qorxmadan, çəkinmədən. Deyə bilərsiniz ki, hardandı millətdə bu cəsarət?! Təşvişə düşməyin! Cəsarət zad yoxdur. Yazıların hamısı imzalı anonim yazılardır. Bəli, məhz imzalı anonim yazılar. Yəni, müəllif həm bilinir, həm də bilinmir. Başqa sözlə, ad var, amma o adın arxasındakı ad yoxdur…

Bunu bimək üçün, orda əslində nə yazıldığını tam anlamaq üçün sətirlərin arasına yox, içinə girmək lazımdır. Soymaq lazımdır hərflərin qabığını!..

Bunu eləsəniz görəcəksiz nəyin nə, kimin kim olduğunu. Qabıqları soyulmayan hərflərin yaratdığı yazıları elə olduğu kimi anlayacaqsınız…

Qabıqları soyulan hərflərin altından isə görcəksiniz ki, “rossiyski”, “iranski”, “turetski”, “amerikanski” və hətta “izrailski” hərflər çıxacaq. Elə həmin hərflərin də qabığını soymağa çalışın. Dünyanın işini bilmək olmaz. Bəlkə onun da altından nəsə çıxdı…

Daha sətirlərin arasında qalmayın! İndi heç nə yırtılmış örtüklərin arxasında gizlənmir. Hər şey daha aşkardır. “Aşkarlıq” dövründəkindən də çox aşkar…

Share Button
306 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *