April 25, 2024
19-cu-yazi_cover-Sozde-yox-ishde-hemreylik

İlin son blogpostu – Sözdə yox, işdə həmrəylik!

Sözdə yox, işdə həmrəylik olmasa…

Həə, 2015 də belə getdi. Qoyun ilini elə adına layiq şəkildə yola verdik, getdi. Yaşamadıq ha, yola verdik… Çünki 2015-ci il ərzində yaşadıqlarımıza yaşamaq demək olmazdı. Bu, nəsə başqa bir şey idi. Sözdə yox, işdə həmrəylik arzulamamı doğuran səbəblərdən biri də məhz budur…

Yeni ilin gəlişini dünyada ən qəribə şəkildə qeyd edən xalq məhz biz Azərbaycanlılarıq.

Çünki il boyu bir-birimizə kələk gəlir, ilin sonunda – 31 dekabrda hamı bir-birinə şablon şəkildə “həmrəylik” arzulayır, elə həmin gecə xalqın əksəri də həmrəy şəkildə düp deyənə qədər içb dəmləşir. Ayın 1-ni də nətərsə keçiririr. Ayın 2-si isə əsl yeni il başlayır…

Yeni ilin ilk günlərində hökumət bizə devalvasiya və ya başqa formada qiymət artımı sürprizi yaşatmırsa, o zaman orta azərbaycanlının şablon həyat tərzi yeni il rejimində davam edir.

3-4 gündən sonra 31 dekabrda deyilən təbriklər, yazılan mesajlar, göndərilən video təbriklər, caps-lər unudulur, həmrəy olmama dövrü başlanır. 31 dekabrda elə insanlardan elə təbrik mətnləri alırsan ki, adam sözlərin gözəlliyinə heyran olur, istəyir mesajı yazanı öpüb qucaqlasın. Fərqli bir şey yazmaq istəsən, daha qurmağa cümlə də tapmırsan. Hamısı artıq istifadə olunub 🙂

Deyə bilərsiz ki, yox eee, biz tək 31 dekabrda yox, bütün il boyu həmrəyik. Mən də əksini iddia edirəm və əsaslandırmaq üçün müəyyən cəhdlər də edəcəyəm.

Yalnız sözdə həmrəy olmamızı, işdə isə əksini etdiyimizi göstərən bəzi faktlara diqqət edək:

  • İl boyu xarici məhsullar alırıq. Xüsusilə də “rossiyskiy mallar”. Yerli istehsalçılarımıza dəstək olmuruq. Sonra da facebook-da antirusiya çıxışları edib patriotluq örnəyinə çevrilirik. Sizcə bunun adı nədir?
  • Yerli şirkətlərimiz də, öz növbəsində çox da keyfiyyətli olmayan malı öz xalqına yüksək qiymətə sırıyır. 47%-lik devalvasiya olan kimi qiymətləri azı 50% artırır. Sonra da utanmadan deyir ki, mənim xammalım xaricdən gəlir. Əvvəla, əgər sənin xammalın xaricdən gəlirsə niyə il boyu zəhləmizi tökürsüz ki, bəs biz yerli istehsal-filan təşkil edirik. Hər şey yerli istehsaldır filan. İkincisi, lap xammalın xaricdən gəlirsə də, bu 50%-lik artıma əsas verir ki? Axı sən burda istehsal edirsən. Xammal sənin maya dəyərində maksimum 50-60% təşkil etməlidir. Belə olan halda bizə sırıdığın artım səviyyəsi nədir? Bir sözlə, millətinə düşmən olan, möhtəkirlik səviyyəsindən yuxarı qalxmayan bizneslərin verdiyi həmrəylik mesajları da gözə kül üfürməkdən başqa bir şey deyil. Təəssüf ki, ölkəmizdəki yerli iri istehsalların əksəriyyəti bu düşüncədədir. Nə qədər ki, yerli malları istehsal edənlər bu düşüncədədir, hamı yerli mal almayacaq. Xeyir də nə ona, nə də vətənə qalmayacaq. Cona, Hansa, Pyerə, İvana, Robertoya qalacaq…
  • Camaatımız da devalvasiya eşidən kimi əksəriyyət olaraq cumur marketlərə. Nə var silib süpürür. Aldığını da çox yesə, 10 gün yeyər. Sonrasını isə düşünmür. Bunu görən möhtəkir bizneslər də təbii ki, qiyməti artıracaqlar. Qaz olduğunu etiraf edirsənsə, niyə də səni qazlamasınlar ki?! Axı biz sabah benzin qalxacaq deyiləndə 1 çən benzin üçün YDM-lərdə növbə yaradan millətik. Heç nədə olmasa da, panikada həmrəyliyi yaxşı bacarırıq. Amma bir olub haqqımızı tələb etmək lazım gələndə Molla Nəsrəddinin məşhur “filin dişisi də gəlir” lətifəsindəki tiplərə dönürük.
  • Hər şeyi dövlətdən gözləyirik. İqtisadiyyatın bu günə düşməsində, “Holland sindromu”na yoluxmasında hökumətimizin fəaliyyəti böyük rol oynayıb. Razıyam. Lakin hər şeyi təkcə hökumətmi etməlidir? Biz niyə özümüz özümüzə dəstək olmuruq? Niyə sifarişlərimizi ölkə xaricinə yönəldirik? Məgər yerli istehsalçılar içərisində bunu edə bilənlər yoxdur ki? Əlbəttə var. Həmişə olmasa da, çox vaxt var. Amma işi xaricdə gördürüb “işi filan yerdə gördürmüşəm” deyib başqalarına hava atmadınsa nə ləzzəti var ki?! Öz aramızdı, yerli istehsalçılar (işgörənlər) də az deyillər ha… Müştəriləri absurd qiymətlərlə hürküdür, işləri “basgetsin” prinsipi ilə görür və müştəri məmnuniyyətindən uzaq hərəkətlər edirlər. Sonra da deyirlər ki, işi niyə bizə vermirlər. Belə münasibətləri görən sifarişçilər də sanki bunu gözləyirmiş kimi üz tuturlar xaricə. Hansı ki, yerlinin qarşısında yüksək tələblər qoymaqla onu da “adam etmək”, onun da inkişafına nail olmaq olar. Hələlik bizimkilər belə düşüncələrdən uzaqdırlar.
  • Yerli şirkətlərin çoxu iş başına yerli mütəxəssislərin əvəzinə xarici mütəxəssislər gətirirlər. O xaricilərin çoxu burda yerlinin aldığının 3-4 qatını alır, 3-4 qat da az iş görür. Sadəcə olaraq şirkət rəhbərləri öz “xarici mütəxəssis”ləri ilə öyünməyi sevirlər. Özü də bu “mütəxəssis”lər çox vaxt ya gürcü olur, ya da ukraynalı. Yəni, ətin suyunun suyu… Alman zad olsa dilimiz qısa olardı 🙂 Mütəxəssisi yetişdirmirik, sonra da yerli mütəxəssis yoxdur deyib gileylənirik. Bu arada yerli mütəxəssislərimiz də az aşın duzu deyil. Çoxunun gözü “şirkətin cibi”ndədir. İmkan düşən kimi oğurlamağa çalışır. Halbuki maaşdan narazıdırsa, ya işini dəyişməli, ya bunu açıq şəkildə rəhbərə deməli, ya da öz peşəkarlığını artırmalıdır. Çox maaş almanın başqa sivil yolu yoxdur axı!

Nə isə… Çox danışmaq, çox yazmaq olar. Çoxları da yazıb…

Bunları ona görə yazıram ki, İLDƏ BİR DƏFƏ, SÖZDƏ YOX, BÜTÜN İL BOYU İŞDƏ HƏMRƏY OLAQ!

Qoyun ilini elə qoyun kimi yola verdik, barı meymun ilində meymun kimi təlxəklik etməyək.

(Bilirəm, ağır cümlədir. Amma reallıq da budur.)

Millət olmağı bacaraq. Özümüzə dəyər verək. Dövlətdən haqqımızı tələb edək, amma hər şeyi də dövlətdən gözləməyək. Özümüz də öz üzərimizə düşəni edək…

Yoxsa, bizdən bir zad olmayacaq!

2016-cı ilin uğurlu olması diləyilə…