April 20, 2024

Su stratejisi

Su stratejisi niyə aktual oldu?

Bəli, su həyat mənbəyidir. Hidrogen və oksigen qazlarının möcüzəli birləşməsi olan bu maye bəşər övladı üçün havadan sonra ikinci yaşam mənbəyidir… Fərqli dövlətlərin özləri üçün su stratejisi cızmalarının əsas səbəbi də elə suyun həyat mənbəyi olmasıdır…

Su həm də ən çox istehlak olunan sərvətlərdən biridir. 

İnsanlığın illik su sərfiyyatı 4.3 trilyon (2000-ci ildə 3.8 trilyon) tondur. Bunun da 10%-i əhali, 20%-i sənaye, 70%-i isə kənd təsərrüfatı istehlakı ilə bağlıdır (mənbə: www.worldometers.info). 

www.wastewatergardens.com saytının verdiyi məlumata görə bir insan (söhbət daha çox qərb insanından gedir) gün ərzində ortalama 5 dəfə tualet sifonunu çəkir və hər dəfə də 6 lirt su sərf olunur. Deməli, təkcə tualet ehtiyacı üçün insana gündə 30 litr su lazımdır.  

Azərbaycan illik su sərfiyyatına görə dünya üzrə 40-cı (12,78 milyard ton), adambaşına gündəlik su sərfiyyatına görə isə 10-cu yerdədir (3356 litr). Yəni, çox israfçı əhalimiz, elə bizə oxşar da dövlətimiz var.

Su həm insanın yaşaması, həm də iqtisadiyyatın təkrar istehsalı üçün vacibdir. Azərbaycan su istehlakının sürətlə artması və istifadəyə yararlı su resurslarının çox az olması səbəbindən sürətlə sudan korluq çəkən ölkələr sırasına girməkdədir. 

Bunun bir sıra səbəbləri vardır: 

Sürətli urbanizasiya

Son 20 ildə şəhər əhalisinin xüsusi çəkisi sürətlə atmaqdadır. Rəsmi statistika bunu təsdiq etsə də, dəqiq deyil. Çünki rəsmi statistika yalnız qeydiyyat ünvanı əsasında bunu aparır. Başqa sözlə desək, hansısa rayondan Bakıya gəlib ev tikib evə sənəd alan ya da bələdiyyə uçotunda duran adamı rəsmi statistika şəhər əhalisinin artımı uçotuna alır, amma rayonlardan Bakıya gəlib müxtəlif yerlərdə kirayə qalıb işləyən əhalini isə uçota almır. Ona görə də, Bakının rəsmi əhai sayı 2.3 milyon nəfərdir. Halbuki istənilən Bakı sakini şəhərdə ən azı 3 milyon adamın yaşadığını bilir.

Köhnə su-kanalizasiya sistemi

Sovetdənqalma su-kanalizasiya sisteminin optimal yenilənməsinin aparılmaması. Hələ də su xətlərimizdə ciddi itkilər var, hələ də kanalizasiya sistemləri düzgün işləmir. Bir neçə il öncə ekspertlərdən hansınınsa bir açıqlamasını oumuşdum ki, bəzi xətlərdə suyun itkisi 20-30%-i belə keçir. Bu, çox ciddi rəqəmdir. Əslində bu itkilər zamanında minimuma (1%-dən az) endirilsəydi bəlkə də Oğuz-Qəbələdən su kəməri çəkməyə gərək qalmazdı. Əlbəttə öz su stratejisini yenidən quran bir ölkə üçün bu kəmərin strateji alternativ kimi əhəmiyyəti başqadır. Amma su təminatının yaxşılaşdırılmasına ilk növbədə, itkilərin azaldılmasından başlamaq lazımdır. 

Meşələrin qırılması

Ölkənin meşələri rayonların sürətli qazlaşdırılmasına qədər çox ciddi şəkildə məhv edilmişdi. Mən 2000-ci ildə (o vaxt rayonun sosial-iqtisdi inkişaf konsepsiyasını yazırdım) Balakən rayonu üzrə bir hesablama aparmışdım. O vaxt rayonda qaz yox idi. Həmin dövrdə 85 000 əhalisi olan rayonda təxminən 17 000 ev var idi. Hər ev bir qışı başa vurmaq üçün 2 “Zil131” ya da “Ural” həcmində oduna ehtiyac duyurdu. Yəni, bütün rayon üçün təxminən 34 000 maşın!

2 böyük (azı 50 yaşı olan) ağac bir maşını doldururdu. Deməli, bütün rayonun bir qışı başa vurması üçün 68 000 irigövdəli ağac kəsilməli idi. Bu prosesin təmixnən 10-15 il davam etdiyini nəzərə alsaq təbiətə vurulan zərərin miqyasını təxmin etmək olar. Üstəlik, meşə təsərrüaftı məqsədilə ağacların kəsilməsini də nəzərə alsaq itkinin miqyası çox böyükdür.

Onu da deyim ki, 1990-cı ildə Balakən rayonu Azərbaycanın ümumi meşə ehtiyatının 5%-ni təşkil edirdi. İndi bu vəziyyəti ölkənin bütün rayonlarına şamil etsək qazlaşdırılmaya qədər ölkə olaraq çox böyük miqdarda meşə örtüyündən məhrum olmuşuq. Həmin itkinin bir hissəsi təbii bərpa nəticəsində təkrar qazanılsa da, itirilmiş meşələrin ən azı yarısı hələ də bərpa olunmayıb. Bütün bunlar isə qrunt sularının səviyyəsinin azalması, deməli həm də, çayların quruması ilə nəticələnir. 

Əhali artımı

Ölkə əhalisi son 30 ildə 3 milyon nəfər artmışdır. Bu da su istehlakının təbii olaraq artmasına səbəb olmuşdur. 

Kənd təsərrüfatı istehsalının artması

Bildiyimiz kimi 2015-ci ildən etibarən qeyri-neft sektorunun əsas istiqaməti kimi kənd təsərrüfatı ciddi şəkildə inkişaf etməyə başladı. Xüsusilə də, suvarılan bitkiçiliyin inkişafı su resurslarına tələbi də artırdı. Yeni suvarma texnologiyalarının (damcılı suvarma və s.) tətbiqi su sərfində qənaətə səbəb olsa da bu, ümumi istehlakın artması fonunda baş verirdi. 

Çay şəbəkəsi

Ölkənin çay şəbəkəsi əsasən ölkənin sərhəd bölgələrində sıxdır. Ən iri əkinçilik rayonları olan mərkəz hissədə ciddi su qıtlığı var. 

Ölkənin ən iri 5 çayından 4-ü öz mənbəyini ölkə xaricindən alır (Kür və Araz – Türkiyə, Qanıx – Gürcüstan, Samur – Dağıstan, Tərtər – Azərbaycan). Bu da həmin çayların resurslarının ciddi hissəsinin həm də qonşu dövlətlər tərəfindən bizə gəlib çatmadan istifadə olunmasına, eləcə də, çayların ölkə ərazisinə girmədən çirklənməsinə (Kür və Araz) səbəb olur.

Yuxarıdakı bütün sadalanan və sadalanmayan amilllər ölkəni ciddi susuzluq problemi ilə üz-üzə qoymaqda idi. Bu kimi problemlər ölkənin yeni bir su stratejisi ortaya qoymasını zəruri edirdi. Məhz bu səbəbdən də ölkə prezidenti 2020-ci ilin əvvəllərində bu məsələni ciddi problem kimi qaldırdı.

Qarabağ və su stratejisi

Ölkənin belə çətin anında Qarabağda döyüşlərin başlaması və uğurla nəticələndirilməsi Azərbaycana çox ciddi su resursları da qazandırdı. 

Geniş çay sisteminə malik Həkəri və Tərtər çayları hövzəsinin demək olar ki, tamamilə Azərbaycanın nəzarətinə keçməsi ilə ölkə həm kənd təsərrüfatına yararlı torpaq sahələrinə qovuşdu, həm ucuz su elektrik enerjisi resursları (Qarabağda kiçik SES-lər çoxdur), həm də ciddi suvarma suyu resursları əldə etdi. 

Bölgədəki əksər çayların öz mənbəyini aldığı Qarabağ vulkanik yaylası (Kəlbəcər və Laçın ərazisində) bu baxımdan kritik əhəmiyyətə malikdir. Onu da deyim ki, məşhur İstisu da məhz bu ərazidədir. 

Ümumiyyətlə bölgədəki Tərtər, Xaçın, Qarqar, Həkəri, Bərgüşad, Köndələnçay kimi çayların resurslarının düzgün istifadəsi nəticəsində Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli və işğaldan azad olunan bütün bölgələrin kənd təsərrüfatı sudan heç bir korluq çəkmədən sürətli inkişafa qədəm qoya biləcək. 

Əhalinin Qarabağa qayıdışı nəticəsində (bunun düzgün və ağrısız şəkildə keçiriləcəyinə ümid edirəm) Bakı-Xırdalan-Sumqayıtı əhatə edən Abşeron meqapolisinin əhali yükü təxminən 500 000 nəfər yüngülləşcək ki, bu da məişət su sərfiyyatının yüksək olduğu bu bölgədə suya qənaət imkanı yaradacaq. Bu bölgədə elektrik enerjisinə tələbat da xeyli azalacağı üçün İES-lərin qaz sərfiyyatı və ətraf mühiti çirkləndirməsi də azalacaq.

Doğrudur, həmin müddət ərzində iqtisadi inkişaf nəticəsində enerjiyə tələbat bu ərazidə təxmin edildiyi qədər azalmaya bilər, amma ümumi azalma baş verəcək.

Qarabağ əhalisi əsasən yerli SES-lərin hesabına enerji ilə təmin olunacaq. Həm də ətraf mühiti demək olar ki, çirkləndirmədən.

Əlbəttə məsələ təkcə suda deyil. Qarabağ hər şeydən öncə vətəndir. Amma o vətən bizə böyük turizm potensialı vəd edir. Qarabağ həm də, zəngin yeraltı ehtiyatlar, təbii resurslar deməkdir. Bu resurslar bizə yeni inkişaf imkanları vəd edir. 

Qarabağ qədim tarix deməkdir. O tarix bizə çox şeyi sübut etmək imkanı verir.

Amma bununla belə, bəzən mənə elə gəlir ki, bu problemin məhz bu il kəskinləşərək bu qədər qəti addımların atılması hər şeydən öncə suya görə idi. 

Hər nəyə görə idisə də, çox yaxşı ki, bu baş verdi. 

Ölkəmiz çox şey qazandı! Bundan sonra da qazanacaq…

Əsas odur ki, Qarabağ Azərbaycandır!