April 18, 2024
Yazi - cover_türklər

Türklər reklam işini bilir…

Türklər reklam işini bilir və ya o əjdahadan niyə bizdə yoxdur?

Bu gün Türkan Fərzəliyevanın Facebookda paylaşdığı bir postla rastlaşdım. Postun orijinal məzmunu belə idi:

Ən yarımçıq cümlələrdən biri “türklər reklam işini bilir” cümləsidi. Türklər hədəf kütləni, demoqrafik göstəricini, tələbatı, alıcılıq qabiliyyətini, davranış xüsusiyyətlərini, statistik məlumatları və s. vacib məlumatları bilirlər əzizlərim. Ölkədə şəffaf verilənlər bazası tapmaqda zülüm çəkənlər nəslinə salamlar

Postun altında isə bir çox şəxslər fikirlərini yazmış, reklam nümunələri göstərmış və bizdə niyə yaxşı reklamların olmadığından gileylənmişdi.

Fərqli vaxtlarda, fərqli məkanlarda dəfələrlə bu məsələni müzakirə etmişik. Ancaq bu gün qərara gəldim ki, bunu qələmə alım.

Bizdə yaxşı reklamlar varmı? Əlbəttə ki, var! Amma çox azdır.

Bəs səbəblər nədir? Hamısını sadalamaq çox vaxt alacaq. Bəzilərinin üstündən keçmək istərdim:

Clean Data azlığı

Siz hətta “clean data”-nı boş verin, bizdə heç “həftəbecər data” da yoxdur. Var ee. Qurumlar özlərində saxlayırlar. Agentliklərə bu datanı vermirlər. Builki Milli Marketinq Forumunda dijitalçı dostumuz Numrəddin Hüseynov şirkətlərdə dataların idarə edilməsi məsələsindən danışarkən maraqlı bir məqama toxundu. O, datanın qiymətli olduğunu və onun nəinki agentliklərlə, hətta şirkətlərin öz dijital departamentləri ilə də paylaşılmaq istənmədiyini vurğuladı. Mən də elə ordaca Twitter üzərindən məsələyə reaksia verdim: NDA imzala, datanı paylaş! Bu, həqiqətən də acınacaqlı haldır. Əvvəla şirkətlərimizin 90%-nin NDA (məxfilik anlaşması) imzalayaraq data paylaşmaq ənənəsi yoxdur. İkincisi agentliklərimiz nə qədər etibarsızdır ki, onlara NDA qarşılığında olsa belə data etibar etmirlər. Onu da deyim ki, agentliklərə etibar edilməməsinin əsas səbəbkarı da elə agentliklərdir. Ölkəmin əksər agentliklərinin iş prinsipləri yoxdur. Çox təəssüf ki, yoxdur.

Araşdırmaya büdcə ayrılmaması

Ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərin demək olar ki, araşdırma ənənəsi yoxdur. Adamlar yüzminlərlə manat pulu mediaya ayırırlar, fəqət araşdırma olmadan agentlikdən “möcüzələr” gözləyirlər. Hansı ki, ilk növbədə araşdırma aparılsa, agentlik də yaradacağı konsept üçün bir möhkəm bazaya, bünövrəyə sahib ola bilər. Sağlam əsaslı bir iş görmüş olar. Bəlkə də, məhz araşdırma veriləri sayəsində sifarişçi şirkət mediaya daha az pul sərf edərək daha çox nəticə əldə edər.

“Cırtdan büdcələr”

Büdcəsi kiçik, iddiası böyük şirkətlər ölkəmizdə N qədərdir. Kiçik büdcə ilə böyük iddiada olmaq əslində yaxşı bir şeydir. Amma gərək reallıq hissini itirməyəsən. Bir neçə il öncə Marketinq Azərbaycan facebook qrupunda Cem Yılmazın İş Bankası üçün gördüyü reklam paylaşılmışdı. Altından da müxtəlif şərlər var idi. Bir nəfər yazmışdı ki, niyə bizdə elə reklamlar çəkilmir. Mən də cavab yazmışdım ki, bu işin azı 500 000 USD qiyməti var. Siz mənə o büdcəni verin. Mən Cem Yılmazın özünü burda reklama çəkim. Bəli, əsas məsələlərdən biri büdcədir. Yaxşı büdcəsi olan işlərin əksəri isə ölkə xaricinə gedir. Budur bizim bəzi şirkətlərin milli iqtisadiyyatımıza dəstəyi…

Xarici agentlik sevdası

Bizim şirkətlərin çoxu işlərini ölkə xaricindəki agentliklərə “gördürür”. Bu, biabırçılıqdır. Bu o deməkdir ki, mən ölkəmin reklam sektorunu bəyənmirəm. Mən hələ yumşaq dedim 😊 Çox az hallarda bu addıma haqq qazandırmaq olar. Amma xaricdə görülən işlərin 90%-ni bizim yerli agentliklər o “importnu oğlanlar”dan çox daha yaxşı səviyyədə edirlər. Uzağa getmirəm, elə bizim YelloAD-ın belə keysləri var.

Agentliklərin peşəkarlığının aşağı səviyyədə olması

Bəli, ölkədəki əksər agentliklərin peşəkarlığı çox aşağı səviyyədədir. Bunun ən böyük səbəbi peşəkar qıtlığıdır. Çünki bazarda peşəkar azdır. Və müxtəlif agentliklərdəki peşəkarlar da ayrılaraq özlərinə yeni agentlik açdıqda bazar agentliklə dolsa da, əslində peşəkarlıq baxımından boşalır. Bu, bir tendensiyadır. İndi ölkədə agentiklərin sayı durmadan artır. Əsasən də SMM hesabına. Lakin çox keçməyəcək bu tendensiya dayanacaq. Qarşıdakı illərdə bizim agentliklərin təməzküzləşməsi dönəmi gözləyir. Bax onda peşəkarlıq daha da artacaq.

“Sosial media ilğımı”

SMM işini yaxşı görməklə “full agency” olmaq mümkün deyil. Bəli, “full agency” olmaq bu sektorda bir lüksdür. Çünki o, bütün işləri ya yüksək səviyyədə görə bilir, ya da yüksək səviyyədə outsource edə bilir. Amma ona da illər lazımdır. İki frilanser birləşib bir SMM agentliyi açıb 3 ay sonra da “nə olsa yaparm abi” deyərək müştərilərin qabağına çıxanda sektorun ciddiyyəti itir. Çünki ölkəmizdəki şirkətlərin xeyli qisminin marketinq menecerlərinin özləri də stajyor səviyyəsində olduqları üçün qarşılarındakı şəxslərin əslində ona lazım olan mütəxəssislər olmadığının fərqinə varmırlar. Sırf qiymət faktoruna görə işi onlara verir və bir çox hallarda uğursuzluğa düçar olur. Sonra da deyirlər ki, bizdə reklam işini bilən yoxdur.

Əzizlərim, unutmayın, ucuz ətin şorbası olmur…

“Sosial media ilğımı” agentlik peşəkarlarına da ciddi-ciddi sirayət edir. SMM agentliyində 1-2 səliqəli post dizayn edən dizayner, 5-6 sloqan yazmış kopirayter, Twitterdə postları babat “like” görə mikrobloqqer özünü əjdaha hesab edir. Fikirləşir ki, mən super mütəxəssisəm. Agentlikdə işə düzəlmək istədikdə də elə fantastik rəqəmlər deyirlər ki, agentlik də elə görüş bitməmiş ona klassik cavabı verir: biz sizinlə əlaqə saxlayacağıq 😊

Belə adamları məcbur qalıb işə götürən agentlik isə qısa zamanda xəyal qırıqlığının pikini yaşayır. Gəlin bunu qarışdırmayaq: SMM koporayterinin peşəkar kopirayter olmasına illər lazımdır Eyni şey dizaynerlərə də aiddir.

Reklamın dili

Bizdə reklamın dili yoxdur. Türklərdə isə adi danışıq dili çox vaxt reklamın dilidir. Fəqət bizdə bunu etmək hər oğulun işi deyil. Ya dili aşırı bayağılaşdırırıq, ya da reklamda kitab dilində danışırıq. Üstəlik, dilin inkişafı üçün də heç bir iş görmürük.

Nə isə. Dərd bir deyil, 5 deyil. Deməklə, yazmaqla bitmir. Bizə düşən bacardığımız qədər vəziyyəti düzəltməyə çalışmaqdır. Onu da ki, durmadan edirik…