April 18, 2024
Gurculerin-bayraq-avanturasi

Gürcülərin bayraq avantürası

Son 2 gündə əsas müzakirə mövzularından biri UEFA Avropa Kuboku çərçivəsində Dinamo Tbilisi – Qəbələ qarşılaşması oldu. Deyim ki, orda futbol müzakirə olundu? Yox! Olunmadı. Qəbələ 2:1 hesabı ilə uduzdu.

Lakin müzakirəyə səbəb bu deyildi. Müzakirəyə səbəb Azərbaycan bayrağına olan hörmətsizlik idi. Belə ki, həmin gün bayraq onların tək dərdi deyildi.

Onların Azərbaycana qarşı olan ərazi iddiaları da var idi.

Buna sosial şəbəkələrdə cavab olaraq gürcüləri söymə reaksiyaları, düşmənçilik çağırışları və s. oldu.

Qardaşlar, etməyin, eləməyin! Gürcülərlə heç bir halda düşmən olmaq lazım deyil. Axı bizim yetərincə düşmənimiz var. Biz gürcülərə, gürcülərsə bizə möhtacdır. Rusiyadan uzaqlaşmaq, İran əsarətinə düşməmək, Türkiyədən aralı qalmamaq, başımızın üstündə daima üçrəngli bayrağımızın dalğalanmasını istəyiriksə, təxribata uymamaq lazımdır. Bu hörmətsizliyi edən başdanxarab bir neçə gürcü gənci olsa da, etdirənin Rusiya olduğunu anlamamaq üçün, lap sərt deyəcəm, qoyun olmaq lazımdır!

Ancaq gürcülər də aydan arı, sudan duru deyillər. Onları yaxşı tanıyıram. Ən azından ona görə ki, mənim ata-baba yurdum Balakən də gürcülərin ərazi iddialarına məruz qalan yerlərdəndir.

Balakən Azərbaycanın o bölgələrindəndir ki, tarixi demək olar ki, araşdırılmayıb. (məlumat almaq istəyənlər üçün ən asan mənbə: Balakən – Tarixi, Etnoqrafiyası və Arxeologiyası faecbook səhifəsi)

80-ci illərin sonlarında orda skif kurqanları (Təpəçöl kurqanları) tapıldı. Daha sonra Balakənin Strabonun “Coğrafiya” əsərində “Məbədlər Diyarı” adlandırılan yer olduğu müəyyən olundu. Qədim “Hun keçidi”-nin yeri Balakən ərazisindəki Hunbol çayın vadisində olduğu müəyyənləşdirildi. Nəhayət son 2-3 ildə rayonda bir neçə qədim kurqan və antik şəhərin qalıqları tapıldı.

Balakən xristian Albaniyasının əsas ərazilərindən idi. Buranın tam islamlaşması Əmir Teymurun hakimiyyəti dövrünə təsadüf edir. O səbəbdən də Balakəndə həddən çox irili-xırdalı xristian dini abidələri var. Ümumiyyətlə, Şəki, Qax, Zaqatala və Balakən xristian mədəniyyəti abidələri ilə zəngindir. Bu abidələrin çoxunun yalnız qalıqları qalıb.

Keçək bu izahatı vermə səbəbimə. Balakənin İtitala kəndində, Zaqatalanın Suvagil kəndində, Əliabad qəsəbəsində, Qaxın bir neçə kəndində “ingiloylar” deyilən qədim və azsaylı bir xalq yaşayır. Dili gürcü dilinə çox yaxındır. Dinləri islamdır. Gürcülər onları müsəlmanlaşmış gürcülər hesab edir. Bizim tarixçilərimiz isə onların qədim GEL tayfaları olduğunu, gürcü çarı Davidin (və ya başqa biri– dəqiq xatırlamıram) zamanında assimilyasiya edib gürcüləşdirildiyini, Şah Abbas zamanında isə islama gətirildiyini iddia edir. (Akif Məmmədlinin bölgənin tarixinə dair kitablarında, eləcə də, milliyyətcə ingiloy olan Şirinbəy Hacıəlinin “Şimal-Qərbi Azərbaycan: İngiiloylar” adlı elmi monoqrafiyasında ingiloylar barədə çox məlumat var.)

Heç ingiloyların xeyli qismi də gürcüləri sevmir. Gürcülər isə onları özlərindən sayır. Məqsəd – ərazi iddiaları.

Hələ məktəbdə oxuduğumuz zamanlar idi. Təxminən 93-94-cü illər idi. Rayona səs yayıldı ki, bəs gürcülər gəlib çöldəki hansısa kilsənin yanında mal otaran uşağa xeyli pul verib kilsənin üstündəki yekə daşı sökdürüblər. Sonra daşı vurub qırıblar və içindəki qızılları aparıblar.

Rayonun “ağıllı” adamlarından ibarət bir neçə dəstə dağda, düzdə nə qədər kilsə və ya ona bənzər nəsə vardısa, içindən qızıl tapmaq ümidilə vurub dağıtmağa başladı. Həmin vaxt Akif Məmmədli adlı bir tarix müəllimi (hazırda rayonda yaşayan böyük alim olan həmin şəxsin bölgənin tarixin dair 10-dan çox kitabı, bir neçə sənədli filmi var) hay-küy qaldıraraq insanları çəkindirməyə çalışırdı. Xeyli müddət sonra o, buna nail oldu. Lakin artıq bir çox abidələr ciddi zərər görmüşdü. Sonralar Akif Məmmədli ilə söhbətlərimdə mənə məlum oldu ki, gürcülər əslində həmin abidənin və bir neçə başqa abidənin portal daşını aparıblarmış.

Bu, bilirsiz nə deməkdir? Abidənin pasportu oğurlanıb! Onun əslində nə olduğunu, kim tikdirdiyini biz heç vaxt bilə bilməyəcəyik. Ya da, çox təxmini şəkildə biləcəyik…

Daha sonra, 96-98-ci illər ərzində Balakən gömrükxanasında işləyən bir gömrük məmuru (əslən Gürcüstan azərbaycanlısı idi və gürcücə əla bilirdi) tərəfindən gürcü dilində olan bir neçə maşın ədəbiyyat müsadirə olundu. Bu, yerli ingiloyların beynini yumağa hesablanmış və Qax-Balakən ərazisinin gürcü torpağı olduğunu vurğulayan ədəbiyyat idi. Rayona bu səs-küy yayılsa da, rəsmi olaraq bunlar gizlədildi. Çünki Gürcüstanla düşmən olmaq lazım deyildi.

Gürcü təbliğatı o qədər irəliləmişdi ki, hətta yerli əhalinin, öz millətimin xeyli insanı da oranın əzəli gürcü torpağı olduğunu qəbul edirdi. Neçəsi ilə mübahisə etmişəm. Neçəsinə sübut etmişəm. Lakin zamanla hamı bu axmaq fikirdən vaz keçdi.

O həmin dövrlər idi ki, Rusiya Şimalda “Sadval”ı işə salmışdı, Şimal-qərbdə isə bizi əsrlərdir iç-içə yaşadığımız avarlarla düşmən etməyə, yeni bir münaqişə ocağı yaratmağa çalışırdı. Nail ola bilmədi. Çünki dövlətimiz sayıq tərpəndi. Eləcə də, az bir qismi istisna olmaqla avarlar bu fitnəyə getmədilər. Heç nəyə nail olmayan Rusiya bu dəfə Dağıstandakı “alim-agentləri” vasitəsilə gürcülərə dəstək verirdi. Vəziyyəti mürəkkəbləşdirən də o idi. Lakin burda gürcülərin ərazi iddialarını elmi cəhətdən alt-üst edən Akif Məmmədliyə, siyasi təmkin saxlayan Azərbaycan hökumətinə təşəkkürlər düşür. İndi gürcülərin iddiaları elmi əsasdan məhrum və bir neçə gədə-güdənin öz “dayı”larına arxalanan avantürasından başqa bir şey deyil.

Yaxşı bir atalar sözümüz var: İtlə dostluq elə, çomağı əldən qoyma!

Unutmayaq ki, bizə əlavə düşmən lazım deyil. Onsuz da düşmənimiz çoxdur. Bizə dost lazımdır. Əsl dost olmasa da, heç olmasa adı dost olsun. Gürcü heç vaxt yaxşı dost olmasa da, yaxşı qonşu ola bilər. Ən azında qoy bu olsun!

PS: Gürcü milləti ümumi olaraq şən və optimist millətdir. Onların bu xüsusiyyətini sevirəm!

Balakənin Katex kəndi istiqamətində, qoruğun qadağan zonasında qədim məbəd

 

Məbədi Azərbaycan elminə tanıdan ilk və primitiv ekspedisiya (2007)

 

Məbədə qədər 2 dağ aşdıq, 3 çay keçdik…

 

Büllur bulaqları var Balakənin…

 

Təbiəti Like edirəm 🙂

 

Foto və video çəkiliş mənə həvalə olunub 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *