İndiki ağlım olsaydı… və ya müsəlmanın sonrakı ağlı!

müsəlmanın sonrakı ağlı

“Müsəlmanın sonrakı ağlı” ifadəsinin yerinə düşdüyü yer…

Bir müddət əvvəl dostumuz Rafiq Hunaltay “İndiki ağlım olsaydı…” adlı bir yazı yazdı və özünə türklər demiş “keşkə” dedirdən məsələlərdən danışdı. Topu bir neçə bloggerə atdı ki, onların içində mən də var idim. Mən də 3 aydır ki, pas bağlamış bloguma yeni yazı yerləşdirmək məcburiyyətində qaldım. Odur ki, müsəlmanın sonrakı ağlı seriyasından növbəti yazını da əgər həvəsiniz varsa, burdan oxuya biləcəksiniz…

Yazının başlığına çox da fikir verməyin! Amma bu başlıq da elə-belə qoyulmayıb. Bir anlıq adam fikirləşir ki, əgər bir astronavt olub kosmosa qalxsa, 1-2 işıq ili oralarda dolaşıb “Interstellar” filmindəki kimi onillər sonra yerə qayıtsa və dünyanı çox daha çağdaş görsə…

İstəmədiyi adamlar da onda olmayacaq…

Amma istədiyi adamlar da qalmadığından adam öz planetinə “fransız” qalacaq. Ona görə də heç astronavt da olmağa dəyməzmiş… Bir də ki, əgər dünya “Elysium” filmindəki kimi yalnız qullardan və nəzarətçilərdən ibarət olsa…

Kosmosda və gələcəkdə yetərincə gəzdik. İndi düşək yerə və qayıdaq bu günümüzə…

Beləliklə, əgər indiki ağlımız olsaydı zamanında nələri edərdik, nələri etməzdik…

İndiki ağlım olsaydı, hər şeydən əvvəl, subaykən daha çox dil öyrənərdim. Xüsusilə də, ispan, fransız və çin dillərini. Bildiklərimi də mükəmməl öyrənərdim. İndi bunu etmək çox çətindir. Nə qədər təkmlləşdrsən də, olmur ki, olmur. Həqiqətən də müsəlmanın sonrakı ağlı. ndi əvvəlki qədər vaxt yoxdur. İş və Ailə arasında zaman əriyir.

İndiki ağlım olsaydı, müsəlmanın sonrakı ağlı ilə düşünməz, təhsilimi doğru alardım. Yəni, əgər marketinqi seçirəmsə, hədəfim ABŞ-a gedib lap elə Filip Kotlerin özündən dərs almaq olardı. Nəinki bizim universitetdə ətin suyunun suyunun suyunu içmək…

Bu məqamı Rafiq də qeyd edib. Lakin o, marketinq təhsilini alanda vəziyyət hələ bir az düzəlmişdi. Amma çox az adam bilir ki, biz pionerlər (mən, 1997-ci ildə marketinq ixtisası ilk dəfə açılanda ora qəbul olanlardanam) nə zülüm çəkmişik. İnternetin demək olar ki, əlçatmaz olduğu bir dövrdə marketinq üzrə oxumağa vəsait tapa bilmirdik. Hər həftənin 4-cü günü ABŞ səfirliyinin kitabxanasından lazımı kitabları tapır, lazımı səhifələri “kseroks” edir, sonra tərcümə edib oxuyurduq. İqtisad Universitetinin kitabxanasında düz-əməlli kitab yox idi. Axundov kitabxanası da arada işimizə yarayırdı. Neft Akademiyasını Nizami küçəsindəki korpusunda Chevron şirkətinin dəstəyilə açılmış kitabxanadan da faydalanırdıq.

Biz univrsitetdə müəllimlərlə fənn davası edirdik. Hazırda marketinq tələbələrinə bizim keçdiyimiz gic-gic fənnlərdən heç biri tədris olunmur. Biz “Marketinq Tədqiqatları”, “Reklam fəaliyyəti”, “Makroiqtisadiyyat”, “Müştəri davranışları” kimi fənnlərin tədrisi üçün dava aparırdıq. Ancaq bizə 4 il ərzində ixtisas kafedrası tərəfindən 3-4 yararlı fənn keçilmişdi. Qalanları da sovetdən qalma maddi-texniki təchizat fənnləri idi. Hamısı da bir-birinin kopyası… Buna görə də, indiki ağlım olsaydı Azərbaycanda təhsil almazdım.

İndki ağlım olsaydı çox ehtimal ki, marketinqi seçərdim. Amma əsla reklamçı olmazdım! Halbuki tələbəykən reklamçılıq arzusunda idim. Ona görə yox ki, reklamçılıq marketinqdə ən ağır peşədir. Ona görə ki, mən Azərbaycandakı “materialist zəka”ya ideyanın, konseptin əsas olduğunu və bunun üçün də pul ödənməli olduğunu hələ də anlada bilmirəm. Və insan zəkasına olan bu hörmətsizlik məni hövsələdən çıxarır. “Siz dizaynı edin, onu buraxaq, konsepti sonra fikirləşərsiniz” deyən zəkaya nə deym ki? İnsan başa düşə bilmir ki, bu konsept olmadan reklam mümkün deyil. Və bu konsepti ortaya çıxarmaq üçün reklamçı nələri öyrənməlidir. Yazıram. Bilməyənlər də bilsin. Əgər mebel reklam olunacaqsa, reklamçı bu işin çox detallarını öyrənir, bir növ mebelçi olur. Əgər meyvə şirəsi reklam olunacaqsa, reklamçı meyvə şirələrinə aid hər şeyi öyrənir, həm aqronom olur, həm də həkim. Bütün bu əziyyətlərdən sonra da gəlib desinlər ki, siz orda nə edrsiz ki? 5 dəqiqəyə 1-2 dizayn zad edirsiniz, vəssalam! Hə, bir də, reklam deyiləndə yalnız dizayn başa düşülməs də var ki, bu da ayrı bir dərddir…

Bax belə insanlarla uğraşmamaq üçün reklamçı olmaq istəməzdim. Hansı ki, bu peşəni çox sevirəm və ömrümün 11 ilini bu peşəyə həsr etmişəm.

İndiki ağlım olsaydı bütün istedadlarıma vaxtında meydan verərdim. İllər boyu yazıb saxladığım yüzlərlə şeirlərimi gün işığına çıxarardım. Sandıq ədəbiyyatına çevirməzdim. Məktəb illərində geniş tətbiq etdiyim aktyorluq bacarığıma meydan verərdim. Rəsm çəkmə bacarığımı inkişaf etdirərdim, nəinki unudardım. Ancaq olan olub, keçən keçib. Necə deyərlər, yenə də, müsəlmanın sonrakı ağlı…

İndki ağlım olsaydı insanların xətrinə dəyməkdən çəkinməzdim. Düzdür, ilk baxışdan yaxşı bir şey kimi görünmür. Amma inanın ki, bu, bəzən lazımdır. Çünki bunu zamanında etməsən, sonra o adamın xətrinə daha bərk dəymək məcburiyyətində qalacaqsan. Bəzən xətrə dəymək də lazımdır.

Hələlik bu qədər… Mən də nələri vaxtında düz etmədiyimi düşünürdümsə, onları da yazdım…

Adət-ənənəyə görə mən də pas atmalıyam. Samir Kərimov, Fəxri Ağayev, Aysel Cəbrayılova, Vaqif Abbasov top sizdədir. Yazsanız, yaxşı olar…

 

Share Button
1021 Cəmi baxılıb 1 Bu gün baxılıb
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *