April 20, 2024
Product Placement erasi-filmlerde

Product Placement erası: filmlərdə

Və ya Product Placement kinosu

Əvvəlki yazımızda musiqi kliplərində Product Placement məsələlərindən danışmışdıq.

Bu dəfə isə filmlərdə Product Placement-dən danışacağıq. Musiqi kliplərinə nisbətən filmlərdə Product Placement-in tarixi daha qədimdir. Tam dəqiq məlumatlar verilməsə də filmlərdə Product Placement-in tarixi az qala kinonun tarixi qədərdir.

Bununla belə, filmlərdə bu reklam məcrasının inkişafı 90-cı illərdən sonra daha geniş vüsət almışdı. Hal-hazırda istehsal olunan az qala bütün filmlərdə Product Placement elementlərinə rast gələ bilərik.

Son 30-40 il ərzində Hollywood filmlərinin ən davamlı Product Placement olunan brendi ABŞ Ordusudur. US ARMY loqosunun olmadığı döyüş filmi demək olar ki, yoxdur.

Paralel olaraq NASA, FBI, CIA kimi qurumlar da amerikan filmlərində geniş təbliğ olunur. Hətta qeyri-amerikan filmlərində də…

Məqsəd superdövlətin dünya tərəfindən birmənalı qəbul olunması, onun hər şeyə qadir olduğu fikrinin yaradılması və qorunub saxlanılması idi. Buna nail olunduğuna güman edirəm ki, heç kim şübhə etməz…

Birbaşa kommersiya brendləri ilə bağlı Product Placementə aid hər kəs onlarla nümunə saya bilər. Konkret nümunələrlə nələrə nail olunmaq istədiyinə diqqət çəkək.

90-ların əfsanəvi TERMİNATOR filmi. Arnold Schwarzenegger-in canlandırdığı baş qəhərəman hər zaman HARLEY-DAVIDSON kimi premium motosiklet sürür. Lakin bu filmdə motosiklet haqqında yaradılmış əsas fikir onun ekstremal situasiyalarda belə əvəzsiz olduğu fikridir.

Product Placementin ən parlaq nümunəsi olan film hansıdır soruşulsa, TRANSFORMERS filminin adını çəkərdim. Mən bu filmi “Chevrolet-in ən uzun xronometrajlı və ən maraqlı reklam filmi” adlandırardım. Film Chevrolet brendini və xüsusilə də, CHEVROLET CAMARO-nu “nəyi var” tanıdır. İnsanlar avtomobilin robota çevrilməsinə inanmasalar da Camaro-nun hansısa qeyri-adi qabiliyyət sahibi olduğunu şüuraltında qəbul edirlər.

Daha bir uğurlu Product Placement nümunəsi isə TRANSPORTER (Daşıyıcı) filmidir. Jason Statham-in qəhrəmanı hər zaman AUDI A8 sürür və avtomobil onun gücünü daha da artırır. Maşın xarizma simvoludur. Yüksək keyfiyyəti, sürəti və əvəzolunmazlığı ifadə edir. Hətta suyun altına düşdükdən sonra onu çıxarırlar və o demək olar ki, ciddi problem olmadan əvvəlki performansına qayıdır. Bir anlıq xəyalınızda öz avtomobilinizi suyun altına salın və sonra da çıxarıb işə salın. Nəticəni məncə rahat şəkildə təxmin edə biləcəksiniz 🙂

2014-cü ilin sonlarına doğru bir film də öz Product Placementi ilə diqqətimi çəkdi. Mən bu filmi “Apple cihazları və iCloud-un necə işləməsi haqqında film” adlandırardım. Cameron Diaz-ın baş rolu oynadığı bu film SEX TAPE adlanır. Bizim dilə ruscadan kopya olaraq “Ev Video”su kimi tərcümə ediblər. Hansı məntiqlə, onu bilmirəm?! Ev videosu məncə maklerlərin satacaqları evləri kamerayla çəkib alqı-satqı saytlarına yerləşdirdikləri video adlana bilərdi. 🙂

Bəli, bu film başdan ayağa APPLE məhsulları haqqındadır: iPad, iMac, MacBook, iPhone və iCloud. Baxanlar yəqin ki, fərqinə varıb.

Baxmayanlara da baxmalarını tövsiyə edirəm. Həm daha bir total Product Placement nümunəsini izləyərlər, həm də bu komediya onlara xeyli gülmək imkanı verəcək. Onu da deyim ki, filmin adı satışa xidmət edir. Orda elə bir şey yoxdur 🙂

Filmin əsas özəlliyi ondadır ki, film tam tsikl Product Placement filmidir.

 

Və nəhayət Azərbaycan filmlərində Product Placementə gəldik. Yaxşı-pis çox nümunələr gətirə bilərik. Bizdə bu sahə dəhşətli dərəcədə geridə qaldığından təbii ki, pis daha çox olacaq. Lakin yaxşı nümunə ilə yazını yekunlaşdırmaq istərdim.

Bu, MY NAME İS İNTİQAM filmidir. Film keçən il kinoteatrlarda anşlaqla izlənən 2 yerli filmdən biridir. Azərbaycanda nəhayət ki, bunu bacaran filmlərin olması çox sevindirici haldır. Filmin daha bir uğuru isə qismən səliqəli Product Placement işidir.

Bu filmdə bəyəndiyim Product Placement nümunəsi EXCELSIOR hotelin Product Placementidir. AAAF Park-ın Product Placementini isə açığı bəyənmədim. Məndə elə təəssürat yaratdı ki, film sırf AAAF Parkı reklam etmək üçün çəkilib.

 

Növbəti yazıda teleseriallardakı product placementdən danışacağıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *