April 24, 2024
Product Placement -erasi-musiqi-kliplerinde

Product Placement erası: musiqi kliplərində

Və ya Product Placement adına görüb bilmədiklərimiz.

Marketinq son illərdə tam yeni bir eraya qədəm qoyub. Product Placement (Məhsul Yerləşdirmə) erasına.

Deyə bilərsiniz ki, bu iş daha əvvəllər də mövcud olub. Tamamilə razıyam. Olub! Lakin indiki kimi heç vaxt və heç yerdə olmayıb.

İndi o, həyatımızın hər anına həyasızcasına girir. Bunu bəzən anlayırıq. Bəzənsə yox.
Bax əsl Məhsul Yerləşdirmə odur ki, onun məhz Məhsul Yerləşdirmə olduğunu anlamayasan!

Onu da bildirim ki, bu mövzuda bir neçə yazı hazırlamaq qərarına gəldim. Çünki mövzu çox genişdir.
Bu yazıda isə musiqi kliplərindəki Product Placementdən danışacağam.

Öncə özümüzdən başlayaq. Götürək Nigar Camal-ın “Crush on you” adlı klipini. Ona görə ki, ən yadımda qalan budur 🙂

Burda Nar Mobile-ın görünən, “Avenue” butikinin isə görünməyən məhsul yerləşdirməsi gedir.
Fikrimcə hər ikisi uğursuz alınıb.

Yuxarıdakı klipin 2:20 saniyəsinə baxın. Orda Nigar Camal klipdəki tərəf müqabilinə öz vizit kartını verir: OFFICIAL FACE OF NAR MOBILE

Mən stop kadrla baxdıqdan sonra bunun vizit kartı olduğunu anladım. İlk baxışdan mən də, rəyini soruşduğum hər kəs də bunu kontur zənn etmişdik 🙂

Üstəlik, bir şirkətin az qala özü qədər məşhur olan birinin şirkətin rəsmi siması kimi vizit kartı daşıması da absurddur. 3:50 saniyəsində telefonun ekranındakı loqonun hardasa məntiqi izahı var. Adam rəsmi simadır. Telefonunda belə imic ola bilər…

Eyni klipin 2:40 saniyəsində “Avenue” butikinin Product Placement-i var. Bu daha səliqəlidir. Çünki hadisənin tərkib hissəsi ola bilib. Lakin uğurlu sayılmaz. Ona görə ki, nə olduğu belə anlaşılmır.

Bununla mən bu işi görən şirkətləri günahlandırmaq istəmirəm. Sadəcə olaraq nöqsanlı Product Placement kimi neçə ildir yadımda ilk növbədə bu klip qalıb.

Uğurlu nümunəyə gəlincə mən hələ ki, Pitbull-un kliplərindəki qədər səliqəli Product Placement-ə rast gəlməmişəm. Bəlkə də, var. Amma mən rast gəlməmişəm.

Pitbull-un Timbalandla dueti olan “Pass At Me” adlı mahnının klipi buna ən bariz nümunədir.

Klipin 1:51-1:55, 1:58, 3:58-4:00 saniyələrində “Efes Pilsen”in, 2:06-2:08, 2:14-2:16 saniyələrində “CULO” jurnalının, 2:29-2:35 saniyələrində “Mini” avtomobilinin, 3:13, 3:20-3:23, 3:33, 3:44 saniyələrində “Beat” qulaqcıqlarının Product Placement-i çox uğurlu şəkildə, həm də klipin məzmununa uyğun şəkildə aparılıb.

Burda bir psixoloji yanaşma var. Əgər insan qulaqcığın loqosunu DJ-in qulağındakı qulaqcıqda, pivənin şüşəsini hovuz kənarındakı əyləncədə, avtomobili real istifadə zamanı, daha çox çılpaq qadın fotoları olan bir jurnalı isə yataq üzərində görürsə, bu, subliminal mesaj olaraq onun şüuraltına işləyir.

Product Placement-in də məqsədi məhz budur. Birbaşa satış deyil! Yaddaşlara həkk olunmaq və hansısa situasiya ilə birgə assosiasiya olunmaqdır.

Növbəti yazıda filmlərdəki Product Placement-dən danışacağıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *