April 26, 2024
16-ci-yazi-2-qepiklk-deyer-cover

2 qəpiklik dəyər və ya dəyərin dəyərsizlik faciəsi…

2 qəpiyin bir dəyəri olmasa da, 2 qəpiklik dəyər də var…

Bu yazıya marketinqə o qədər də aidiyyatı olmayan pərakəndə fikirlər toplusu da deyə bilərik.

Dünyada sözün eşidilməsi üçün 2 önəmli səbəb var: sözün doğru olması və sözü kimin deməsi. Bizdə isə sözün eşidilməsi üçün heç bir səbəb yoxdur. Doğru olsa da eşidilmir, önəmli biri desə də. Bizdə ümumiyyətlə, mənalı olan sözlər sevilmir.

Dünyada ən qiymətli şey insan potensialıdır, bizdə isə ən qiymətli şey potensial insandır. Daha açıq desək, bir az təhsil alsa, bir az mədəniyyət öyrənsə insan ola biləcək homo sapienslər potensial insan adlanır. Potensial insanlar fiziki olaraq polad kimi, psixi olaraq isə mum kimidirlər. Hər işə yarayırlar.

Millətin tənbəlliyinin ən yaxşı göstəricisi tədris kurslarının sayıdır. İnsanlarımız özləri müstəqil öyrənə biləcəyi şeyləri də pul ödəyib kurslarda öyrənirlər. Çünki ödənilən pulun hesabatı verilməlidir. Bunun qarşılığında isə öyrənmək lazımdır. Müstəqil nəyisə öyrənəndə isə kimsəyə hesabat vermirsən.

2 qəpiklik dəyər

Son dövrdə kursların sayının artmasının açıqlaması isə belədir: insanlarımız öyrənməyin vacibliyini ciddi şəkildə dərk etməyə başlayıb. Lakin hələ də öyrənməyə özlərində güc tapmırlar. Onları yerindən tərpədəcək qüvvə isə kurslara ödəyəcəkləri puldur.

Bizdə “millətin dəyərlər toplusu” deyilən şeyin formatı tamamilə başqalaşıb. İndi o, mahiyyətcə, “dəyərlərin milli toplusu”-dur. Belə olduqda istənilən dəyəri milliləşdirmək olur. Bu milliləşdirmək bizim bildiyimiz milliləşdirməkdən deyil. Burda “dəyərlərin içinə mil salıb” onu milli edirlər. Belə dəyərləri asanlıqla başın üzərinə qaldırmaq da olar, yerə çırpmaq da. Çünki onların dayaq nöqtəsi yer deyil, hər az üzərindən sürüşə biləcəkləri polad mildir.

Marksın “əmək-dəyər nəzəriyyəsi”-nə görə hər bir dəyərin real pul qarşılığı var. Biz bunu yaxşı mənimsəmişik. Hətta Marksın belə ağlına gəlməyən formada…

Qırmızı çəkmələrin Bakı buxtasında yuyulduğu vaxtdan etibarən biz də hər dəyəri pula satmağa, pulla almağa vərdiş eləmişik. Çünki Marksın fikirləri bu ölkəyə məhz qırmızı çəkmələrin ayağına bulaşıb gəlmişdi. Biz də dahilərin düşüncələrini məhz çəkmə dabanından öyrənməyə aludə oduğumuzdan bu fikirləri həvəslə qəbul elədik.

Zamanla dəyərlərimiz də inflyasiyaya uğrayıb. Vaxtilə “çox baha” satılan dəyərlər indi “dəyər inflyasiyası” nəticəsində qəpik-quruş olub. Hətta deyilənə görə 2 qəpiyə qədər düşüb. Yəqin eşitmiş olarsınız. Xalq arasında belə bir deyim var: Filankəs 2 qəpiklik adam deyil!

Beləliklə, yurdumun insanı öz həmvətəninin dəyərini, deməli, həm də, öz dəyərini olduqca merkantil şəkildə ifadə etmiş olur: 2 qəpiklik dəyər…

Bax budur bizim milli və milsiz dəyərlərimizin dəyəri! Bax budur bizim özümüzə verdiyimiz dəyər!

Müəllimə, həkimə, polisə dəyərsizcəsinə verdiklərimiz, onların da məmnun şəkildə aldıqları 1000 qat daha dəyərsiz şəkildə bizim öz dəyərimizə çevrilib. Və bu dəyər “2 qəpiklik dəyər” adlanır…